"Neftçi"nin legioneri: "Azarkeşlərimizə yenə böyük uğur bəxş edəcəyik"

"Neftçi"nin legioneri: "Azarkeşlərimizə yenə böyük uğur bəxş edəcəyik" "Bu, Azərbaycanda keçirəcəyim 7-ci doğum günüdür. Əvvəllər ad günümü ailəm və yaxınlarımla birlikdə restoranda qeyd edirdik, amma pandemiya səbəbindən bu dəfə evdə, ailəmin ətrafında keçirəcəyəm".
Futbol
22 Sentyabr , 2021 11:34
Neftçinin legioneri: Azarkeşlərimizə yenə böyük uğur bəxş edəcəyik
Voislav Stankoviç

"Bu, Azərbaycanda keçirəcəyim 7-ci doğum günüdür. Əvvəllər ad günümü ailəm və yaxınlarımla birlikdə restoranda qeyd edirdik, amma pandemiya səbəbindən bu dəfə evdə, ailəmin ətrafında keçirəcəyəm".

"Report"un məlumatına görə, bu fikirləri "Neftçi"nin futbolçusu Voislav Stankoviç klubun rəsmi saytına müsahibəsində deyib.

34 yaşı tamam olan müdafiəçi yaxşı formada olduğunu bildirib: "Yavaş-yavaş qocalıram (gülür). Amma əsas odur ki, özümü əla hiss edirəm, yaxşı formadayam. Buna görə də ümid edirəm, hələ uzun illər futbol oynayacağam".

Serbiyalı oyunçu mövsümə istədikləri kimi başlaya bilmədiklərini söyləyib: “Qəbələ” və “Qarabağ”la oyunlarda xallar itirdik. Yeni komandamız, futbolçularımız var. Ümid edirəm, hər şeyi qaydasına qoyub daha yaxşı oyun göstərəcəyik. Son matçda qələbə qazandıq və düşünürəm ki, oyundan-oyuna komandada özünəinam daha da artacaq. Üstəlik, yeni futbolçular tam uyğunlaşıb baş məşqçinin istəklərini daha yaxşı anlayacaqlar. Hər növbəti matç daha da vacib olacaq".

Stankoviç "Keşlə"ni 3:0 hesabı ilə məğlub etdikləri Azərbaycan Premyer Liqasının IV tur oyununun özü üçün əlamətdar olmasına toxunub: "Düzünü desəm, bunun 150-ci oyunum olduğunu bilmirdim. Bunu bilmək xoşdur. Uzun illərdir Azərbaycanda oynayıram. Bu ölkəni sevirəm və burada hər şey məni qane edir. Əgər belə olmasaydı, burada bu qədər qala bilməzdim. “Neftçi”nin şərəfini qoruduğum üçün çox şadam. Ümid edirəm, burada çox qalacağam. Daha yaxşı oynayıb, komandama titullar qazanmağa kömək edəcəyəm".

Təcrübəli oyunçu növbəti turdakı "Sabah"la matçın ağır keçəcəyini sözlərinə əlavə edib: "O meydanda oyunlarımız həmişə gərgin keçir. Rəqib də mövsümə yaxşı başlamayıb deyə, qələbəyə köklənəcək. Təbii ki, biz də meydana qalib gəlmək üçün çıxacağıq. “Neftçi”də oynayırsansa, səni yalnız qələbə qane edə bilər. İnanıram ki, istəyimizə nail olacağıq".

Müdafiəçi son olaraq azarkeşlərə səslənib: "Mən “Neftçi” fanatlarını çox sevirəm. Çünki onlar ürəkdən azarkeşlik edirlər. Çox çılğındırlar və mən şadam ki, komandamızın belə azarkeşləri var. Oyun zamanı bəzən geri çevrilib, azarkeşlərdən bizi daha çox və daha möhkəm dəstəkləmələrini istəyirəm. Xarakterim belədir ki, matçı, mübarizəni, ümumiyyətlə, oyundakı heç epizodu uduzmağı sevmirəm. Buna görə də azarkeşlərdən dəstək istəyirəm. Çünki bu daha çox güc verir. Çox möhtəşəm azarkeşlərimiz var. İstərdim ki, bizə daha da çox inansınlar. Komandamız yenidir deyə, bir az zamana ehtiyacımız var. Ümid edirəm ki, bu mövsümün sonunda da onlara böyük uğur bəxş edəcəyik və yenidən birlikdə çempionluğumuzu qeyd edəcəyik. Pandemiya zamanı, haradasa ilyarım fanatlarsız qalmışdıq deyə, onlar üçün çox darıxmışıq".

Son xəbərlər

Orphus sistemi