"Neftçi"nin kapitanı: "Zirə" üzərində qələbənin xüsusi əhəmiyyəti var"

"Neftçi"nin kapitanı: "Zirə" üzərində qələbənin xüsusi əhəmiyyəti var" "Onlara qarşı oynamaqda çətinlik çəkirdik"
Futbol
1068
14 Dekabr , 2017 22:52
Neftçinin kapitanı: Zirə üzərində qələbənin xüsusi əhəmiyyəti var

Bakı. 14 dekabr. REPORT.AZ/ "İlk oyunda məğlub olmuşduq. "Zirə" bizim üçün münasib rəqib deyildi. Onlara qarşı oynamaqda çətinlik çəkirdik. Lakin bugünkü qarşılaşmada hər şey qaydasında oldu. İstəyimiz ilk yarıda bir qol vurmaq idi, lakin iki dəfə fərqləndik. Düzdür, 2:0 da çətin hesabdır. Önəmli olan mərhələni keçməkdir, bunu da bacardıq".

"Report" xəbər verir ki, bunu Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab matçında "Zirə"ni 2:0 hesabı ilə məğlub edərək yarımfinala yüksələn "Neftçi"nin kapitanı Ruslan Abışov deyib.

Təcrübəli müdafiəçi bildirib ki, qış fasiləsindən maksimum yararlanaraq, mövsümün qalan bölümündə daha yaxşı nəticələr əldə etməyə çalışacaqlar. O, "Zirə" ilə görüşdə təzyiq hiss etdiklərini söyləyib:

"Neçə oyundur "Zirə"ni məğlub edə bilmirdik. Ona görə üzərimizdə təzyiq vardı. Həm də azarkeşlər bizdən qələbə gözləyirdilər. Mənə elə gəlir ki, bu qələbə tam yerinə düşdü. Tərəfdarlarımız razı qaldılar. Bundan sonra həm Azərbaycan Kubokunda, həm də Premyer Liqada maksimum nəticə göstərməyə çalışacağıq. "Zirə" üzərində qələbənin bizim üçün xüsusi əhəmiyyəti var. Bu komandaya qarşı olan tilsimi qıracağımıza söz vermişdik. Azarkeşlər bizə möhtəşəm dəstəklədilər.

Kapitan azarkeşlərlə oyunçular arasında buzların əriməsinə də toxunub: "Azarkeşlər hər zaman yanımızdadılar. Düzdür, arada küskünlük olmuşdu. Bu da təbiidir. Lakin artıq hər şey keçmişdə qalıb. Mənə elə gəlir ki, bundan sonra bizi daha ürəklə dəstəkləyəcəklər və biz də onların ümidlərini doğruldacağıq.

Bəzi matçlarda mix-zonaya gəlməməyimə gəlincə, futboldur, ola bilsin yaxşı nəticə olmayıb".

R.Abışov "Zirə"nin futbolçusu Milan Duriçin "Bu gün "Neftçi"nin heyətində ən yaxşı oyunçu baş hakim Fariz Yusifov idi" deməsinə də münasibət bildirib:

"Məğlub olan komandaların futbolçuları hər zaman bu cür fikir səsləndirir. Bu normaldır".

Son xəbərlər

Orphus sistemi