"Neftçi"nin hücumçusu: "Çempionluqdan əlimizi üzməmişik" - MÜSAHİBƏ

"Neftçi"nin hücumçusu: "Çempionluqdan əlimizi üzməmişik" - MÜSAHİBƏ "Nəticələr bizi qane etmir"
Futbol
102
14 Aprel , 2021 16:56
Neftçinin hücumçusu: Çempionluqdan əlimizi üzməmişik - MÜSAHİBƏ

"Neftçi" klubunun futbolçusu Mirabdulla Abbasovun "Report"a müsahibəsi

- Komandanız Azərbaycan Premyer Liqasının son turunun "Qəbələ" ilə səfər oyununda xal itirdi. Sizcə, qələbə üçün nə çatmadı?

- Bəxt bizim tərəfimizdə olmadı. Çoxsaylı qol imkanlarımız olsa da, istifadə edə bilmədik. Buna daha çox şanssızlıq deyərdim. Çünki oyun ərzində qol vurmaq üçün rəqibdən dəfələrlə çox şansımız oldu. Amma yekunda oyun 2:2 hesablı heç-heçə ilə bitdi.

- "Neftçi" milli komandaların oyunları ilə əlaqədar fasilədən sonra keçirilmiş 2 çempionat matçında uğursuz nəticələrlə yadda qaldı. Bunun səbəbini nədə görürsünüz?

- Bunu fasilə ilə əlaqələndirməzdim. Futboldur, burada hər oyunu udacaqsan deyə bir şey yoxdur. Fikrimcə, həm "Sumqayıt", həm də "Qəbələ" ilə görüşdə yaxşı oynadıq. Sadəcə, belə alındı. Nəticələr bizi qane etmir. Xüsusi bir səbəb tapıb deyə bilmirəm ki, buna görə xallar itirdik.

- Mövsümün başa çatmasına 6 tur qalmış "Qarabağ"dan 3 xal geridəsiniz. Çempionluğa hələ də ümidiniz var?

- Əlbəttə. Qarşıda hələ 6 oyun var. Bu, son deyil. Əl-qolumuzu sallayıb, çempionluqla vidalaşmamışıq.

- Əsas rəqibinizin sizi qabaqlaması komandada psixoloji gərginlik yaratmır?

- Çempionat davam edir. "Bütün oyunlarımızı udub, sonda qalib olacağıq" demək düzgün olmaz. Həmçinin "Qarabağ"ın bizimlə oyunadək bütün matçlarını qələbə ilə başa vuracağını söyləmək tezdir. Şansımız davam edir. Bütün komanda üzvlərinin adından deyə bilərəm ki, çempionluqdan əlimizi üzməmişik.

- "Sumqayıt" bundan öncəki turda "Bakcell Arena"da "Neftçi"yə qalib gəlsə də, ardınca "Qarabağ"a 1:4 hesabı ilə uduzdu. Belə fikirlər var ki, bəzi komandalar sizə qarşı daha inamlı mübarizə aparır...

- Kənardan necə göründüyünü bilmirəm, amma doğrudan da bütün rəqiblər "Neftçi" ilə oyunlara ikiqat motivasiya ilə çıxırlar. Elə "Qəbələ"ni götürsək, bu komanda heç-heçə üçün hər şeyi etdi.

- Elə "Qarabağ" cəbhəsi də eyni sözü deyir. Onlar da iddia edirlər ki, rəqiblər Ağdam klubuna qarşı ikiqat motviasiya ilə hazırlaşırlar...

- Ola bilər. Bəlkə də bu, "Neftçi" və "Qarabağ"ın həmin komandalardan irəlidə getməsi ilə bağlıdır.

- Yeni transfer Keysuke Honda artıq "Neftçi"nin heyətində iki rəsmi oyun keçirib. Xüsusilə Qəbələdəki qarşılaşmada pis təsir bağışlamadı. Yaponiyalı ulduzun çıxışını siz necə dəyərləndirərdiniz?

- Meydanda onunla oynamaq mənə çox rahatdır. Meydanı görməyi, topla rəftarı əladır. Honda olduğunu göstərir. Komandamız üçün çox faydalı oyunçudur.

- Honda hücum planında "Neftçi"nin oyununu gücləndirib. Bəs, onun meydanda olması müdafiə olunmağınıza mənfi təsir göstərmir? Nəzərə alaq ki, yaşı çoxdur və arxa xəttə lazımi səviyyədə kömək edə bilmir...

- Bu, baş məşqçiyə veriləsi sualdır. Amma düşünürəm ki, Honda üzərinə düşəni edir və müdafiədə də ona verilən tapşırıqları yerinə yetirir.

- Son oyunda maraqlı hadisə baş verdi. Honda qapınıza təyin olunan penalti zamanı baş hakimdən VAR-a baxmasını tələb edirdi. Matçdan sonra ona izah etdinizmi ki, Azərbaycan futbolunda hələ VAR sistemi tətbiq olunmur?

- Meydanda həmin anı görmədim. Sonradan epizodun fotosu qarşıma çıxdı. Oyunun içində fikir verməmişdim. Matçdan sonra bu barədə heç bir söhbət olmadı.

- Əvvəllər deyirdiniz ki, "Neftçi"də Baqali Dabo, Dario Frederiko kimi hücumçular olduğu üçün əsas heyətə düşə, öz oyununuzu göstərə bilmirsiniz. Hazırda komandanın əsas forvardı olsanız da, yenə qol vurmaqda çətinlik çəkirsiniz. Maraqlıdır, indi sizə nə mane olur?

- Elə sualdır ki, cavab verməkdə çətinlik çəkirəm. Təbii ki, özümdən daha yaxşısını gözləyirəm. Elə olur ki, meydana start heyətində, bəzən də ehtiyatdan çıxıram. İlk "11-lik"də sabit oynamıram.

- Əhməd Əhmədovun gəlişindən sonra hücum xəttinin daha məhsuldar olacağı gözlənilirdi. Amma hələ ki, bu fikirlər özünü doğrultmur. Sizcə, "Neftçi"nin hücumçuları niyə qol vurmaqda çətinlik çəkirlər?

- Əhməd "Neftçi"yə gəldiyi gündən uğursuzluqla üzləşdi. Yüngül zədə almışdı. Daha sonra "Zirə" ilə oyunda eyni yerdən ayağı yenidən burxuldu. Bir müddət kənarda qaldı. Son iki görüşdə meydana ehtiyatdan daxil oldu. Gələndən cəmi 2 dəfə start heyətində meydana çıxıb. Həmin matçlar isə oyunçunun çıxışına qiymət vermək üçün göstərici ola bilməz. Çox futbolçunu misal göstərmək olar ki, gəldiyi ilk vaxtlarda özünü göstərə bilməyib, amma sonradan "ayağı açılıb". Artıq zədəsini tam sağaldıb. Komandaya xeyir verə biləcək hücumçudur.

- Növbəti turda rəqibiniz "Zirə" olacaq. Bu komanda ilə oyunlarınız heç cür alınmır. Necə düşünürsünüz, bu dəfə sindromu qıra biləcəksiniz?

- Hər bir futbolçumuz başa düşür ki, növbəti xal itkisi bizə çempionluq baxımından ciddi zərbə ola bilər. Bu, mümkün qədər yolverilməzdir. Rəqibimizi yaxşı tanıyırıq. Bu komandaya qarşı oyunlarda çətinlik çəkirik. Buna görə də matça ciddi hazırlaşırıq. Hesab edirəm ki, qələbə qazana bilərik.

- Analiz etmisinizmi ki, "Zirə"yə qarşı oyunlarda nəticələr niyə uğursuz olur?

- Analizi məşqçilər heyəti edir. Bu, başqa mövzudur. Mən isə daha çox öz oyunumu analiz edirəm.

- DÇ-2022-nin martdakı oyunları üçün millinin heyətinə çağırılmadınız. Cari mövsüm Premyer Liqada 4 qol vurmusunuz. Daha az fərqlənən Ramil Şeydayev yığmaya dəvət alır, siz isə kənarda qalırsınız. Bu amil sizə necə təsir edir?

- Kiminsə çağırılmağına heç bir söz deyə bilmərəm. Mənim dəvət almamağıma gəlincə, sabit olaraq start heyətində meydana çıxmıram ki, asanlıqla yığmaya çağırılım.

- Nəzərə alaq ki, Şeydayev də son turlaradək meydana start heyətində çıxmırdı. "Sabah"dakı baş məşqçi dəyişikliyindən sonra əsas heyətə yolu açıldı...

- Bu barədə nəsə deməyim düzgün olımaz. Baş məşqçinin qərarıdır.

- Hazırkı vəziyyət sizi narahat etmir?

- Əlbəttə, narahat edir. Amma mən yığmadan kənarda qalmağımın səbəbini kimdəsə deyil, birbaşa özümdə axtarıram.

- "Neftçi" ilə müqaviləniz cari mövsümün sonunda başa çatacaq. Çempionatın sona yaxınlaşdığını nəzərə alsaq, gələcək karyeranızla bağlı qərar vermisiniz?

- Komandada qalmağın tərəfdarıyam. Hələ ki, yeni təklif almamışam Amma bu istiqamətdə danışıqlarımız olacaq.

Son xəbərlər

Orphus sistemi