"Təlim-məşq toplanışı çox yorucu və gözəl keçir. Hazırlıq prosesindən sonra çempionata yaxşı başlayıb yuxarı sıralara qalxmaq istəyirik".
"Report"un məlumatına görə, bunu "Neftçi"nin futbolçusu Mert Çelik Türkiyənin Antalya şəhərindəki toplanışda Polşanın "Visla" (Plotsk) komandası ilə 1:1 hesablı heç-heçə etdikləri yoxlama matçı barədə klubun rəsmi televiziyasına açıqlamasında deyib.
22 yaşlı müdafiəçi bildirib ki, bu qarşılaşmaya ağır yüklənmədən sonra çıxıblar: "Çətin və maraqlı görüş oldu. Qələbə qazanmaq istəyirdik. Amma son dəqiqələrdə üstünlüyü əldən verdik".
Gənc oyunçu matçın gedişində rəqib futbolçu ilə arasında baş vermiş insidentə də toxunub: "Oyunda belə hallar olur. Normaldır. Bunlar meydanda qalır. Hər şey qələbə qazanmaq istəyindən irəli gəlir. İnanıram ki, bundan sonra belə şeylər olmayacaq".
Bu görüşdə ilk dəfə dördlü müdafiənin sağ cinahında çıxış edən Çelik ilk dəfə bu mövqedə oynadığını vurğulayıb: "Daha əvvəl "Başakşehir"də yoxlama matçlarında sağ cinah müdafiəçisi kimi oynamışdım. Maraqlı mövqedir. Burada da özümü yaxşı tərəfdən göstərmək istəyirəm".