"Neftçi" ilə müqaviləsini yeniləyən müdafiəçi Ömər Buludov klubun Mətbuat xidmətinin suallarını cavablandırıb.
"Report" həmin müsahibəni təqdim edir.
- "Neftçi” ilə daha 1 illik müqaviləyə imza atdınız. Yetirməsi olduğunuz klubda qalmaq sizin üçün nə deməkdir?
- Məncə, artıq bir söz deməyə ehtiyac yoxdur. Hamı bilir ki, "Neftçi” kimi klubun yetirməsi və əsas heyətin üzvü olmaq böyük şərəfdir. Doğma komandamda qaldığım üçün sevinirəm.
- Koronavirus pandemiyasına görə yaranmış uzun fasilə futbolçuların formasına təsirsiz ötüşməyə bilməz. Bəs siz formanızı nə dərəcədə qoruyub saxlaya bilmisiniz?
- Mümkün qədər formada qalmağa çalışmışam. Bunun üçün evdə də olsa, məşqlərimi dayandırmırdım.
- İyunun 21-də Premyer Liqa matçları bərpa olunacaq. Azarkeşsiz oynamaq nə qədər çətin olacaq?
- Əlbəttə, azarkeşsiz oynamaq çox çətin olacaq. Azarkeş bizim 12-ci oyunçumuzdur. Onları yenidən tribunada görmək çox xoş olardı. Ümid edirəm ki, azarkeşlərin oyunlara gəlib bizə dəstək olmaqlarına tezliklə icazə veriləcək.
- Mövsümün son 8 oyunundan nə gözləyirsiz?
- Çempionluq uğrunda mübarizəni davam etdirəcəyik. Xal fərqini nəzərə alsaq, çətin olacaq, amma heç kim düşünməsin ki, ikinci yerlə barışmışıq. Komandamıza güvənirəm, sonadək mübarizə aparacağıq.