“Neftçi”nin futbolçusu: “Hakim bizi çox sıxdı”

“Neftçi”nin futbolçusu: “Hakim bizi çox sıxdı” Bakı. 1 dekabr. REPORT.AZ/ “Çox ağır oyun oldu. İlk yarıda 10, daha sonra 9 nəfər qaldıq. Kənardan asan görünə bilər, amma çox çətin idi. Hakim də bəzi epizodlarda bizi çox sıxdı. Buna baxmayaraq qələbə qazandıq. Çox sevinirəm”.
Futbol
1 Dekabr , 2018 22:57
“Neftçi”nin futbolçusu: “Hakim bizi çox sıxdı”

Bakı. 1 dekabr. REPORT.AZ/ “Çox ağır oyun oldu. İlk yarıda 10, daha sonra 9 nəfər qaldıq. Kənardan asan görünə bilər, amma çox çətin idi. Hakim də bəzi epizodlarda bizi çox sıxdı. Buna baxmayaraq qələbə qazandıq. Çox sevinirəm”.

“Report” xəbər verir ki, bunu “Neftçi”nin futbolçusu Rəhman Hacıyev Azərbaycan Premyer Liqasının XIII turunda səfərdə “Sabah”ı 2:1 hesabı ilə məğlub etdikləri oyundan sonra deyib.

25 yaşlı yarımmüdafiəçi daha sonra sualları cavablandırıb:

- Çətinlik rəqiblə, yoxsa hakimliklə bağlı idi?

- Azlıqda qaldıqdan sonra çətinlik çəkdik. Çünki belə vəziyyətdə rəqibi müdafiədə qarşılamağa məcbur olursan və əks-hücumu gözləyirsən.

- “Neftçi” bu qələbə ilə “qış çempionluğu”nu rəsmiləşdirdi. Bu barədə nə deyə bilərsiniz?

- Çox sevindirici haldır. Amma bu, çempion olmağımız demək deyil. Bizi hələ qarşıda ikinci dövrə də gözləyir. Bütün oyunlara çox ciddi hazırlaşmalıyıq. Ümid edirəm ki, bu cür davam edib, çempion ola bilərik.

- Bir penalti və üç qırmızı vərəqə. Hakimliklə bağlı nə deyə bilərsiniz?

- Səhv ola bilər, bu normaldır. Amma hakimin bizi sıxışdırmağı göz qabağında idi. Həqiqətən belə olmaz. Bir-iki səhv başqa, sıxmaq da başqa bir şeydir. Buna rəğmən, komanda şəklində 3 xalı götürdük.

- Bunu səhv, yoxsa qərəz olaraq qiymətləndirirsiniz?

- İnşallah, səhv olar.

- Qapınıza təyin edilən penalti və Baqali Daboya göstərilən ikinci sarı vərəqə barədə nə deyə bilərsiniz?

- Penalti barədə heç nə deyə bilmərəm. Çünki görməmişəm. Amma Dabonun epizodunda simulyasiya yox, penalti var.

- Son oyunlarda sabit olaraq meydana çıxırsınız...

- Bunun üçün çox çalışıram. Heyətdə yer ala bilmirdim. Bu, baş məşqçinin qərarı idi və hörmətlə yanaşırdım, ruhdan düşmürdüm. Daim oynamaq üçün də əlimdən gələni edəcəyəm.

- Yenidən milliyə dəvət almağa ümid edirsiniz?

- Çağırılsam, çox sevinərəm. Milləyə dəvət almamaq hər bir futbolçuya pis təsir edir. Amma bunun da səbəbi klubumda oynamamağım idi. Bunu başa düşürəm, elə də olmalıdır.

Son xəbərlər

Orphus sistemi