"Neftçi"nin Finlandiyadakı "HİK"kəsi, tanımadığımız Helsinkidə tanıdığımız Aleksandrın abidəsi

"Neftçi"nin Finlandiyadakı "HİK"kəsi, tanımadığımız Helsinkidə tanıdığımız Aleksandrın abidəsi Avqustun 11-də Avropa Liqasının III təsnifat mərhələsinin HİK-lə cavab oyunu üçün "Neftçi" ilə birlikdə Baltik dənizinin sahilinə - Finlandiyaya yollandıq. Təxminən 4 saatlıq uçuşdan sonra paytaxt Helsinkiyə çatdıq. Hava limanını tərk edərkən gözümüzün öy
Futbol
13 Avqust , 2021 16:56
Neftçinin Finlandiyadakı HİKkəsi, tanımadığımız Helsinkidə tanıdığımız Aleksandrın abidəsi

Avropa Liqasının III təsnifat mərhələsinin HİK-lə cavab oyunu üçün "Neftçi" ilə birlikdə Baltik dənizinin sahilində - Finlandiyada olduq. Səfərə "Report"un əməkdaşı kimi bir qrup jurnalistlə bərabər yollanmışdıq.

Saatda 12 avro qazanan süpürgəçilər

Bakıdan təxminən 4 saatlıq uçuş məsafəsində olan paytaxt Helsinkidə gözümüzün öyrəşmədiyi təbiət mənzərəsi ilə qarşılaşdıq. Adətən, dumanlı havanın hökm sürdüyü şəhərin mərkəzi digər Avropa ölkələrinə nisbətən elə də hərəkətli deyil. Yerli əhali bunu koronavirus pandemiyası ilə əlaqələndirsə də, belə hal təxminən 700 min insanın yaşadığı paytaxt üçün normal hesab edilməlidir.

Finlandiyada əhalinin yaşam səviyyəsi haqqında danışmağa ehtiyac yoxdur. Hətta hansısa vətandaşın və ya turistin tramvaydan istifadə edərkən ödəniş etməməsi normal hal kimi qəbul edilir. Hərdən Avropa şəhərlərindəki əmək haqlarından danışılanda bəzi rəqəmlərin şişirdildiyini düşünürük. Helsinkidə bununla maraqlanmaq qərarına gəldik. Şəhərin mərkəzini təmizləyən xanımlarla söhbətimiz də maraqlı alındı və hansı maaş müqabilində bu işlə məşğul olduqlarını soruşduq. Onlar gün ərzində 8 saat işlədiklərini (13:00 - 21:00) və 1 saat üçün 12 avro qazandıqlarını bildirdilər...

II Aleksandra ucaldılan abidə

Paytaxtda velosiped yolları var ki, bunu şəhərin istənilən yerində görmək olar. Həmçinin, insanlar müxtəlif şirkətlərə məxsus skuterlərdən istifadə edərək istədikləri yerə gedə bilərlər. Helsinkinin insanları da havası kimi soyuqdur. Paytaxt günün ilk yarılarında nə qədər səliqəli və gözəldirsə, axşamlar isə bir o qədər baxımsızdır. Təbii ki, bunun bir nömrəli səbəbkarı yerli əhalidir. Gecə saatlarında istənilən yaşda insanın parklarda təmizlik qaydalarına riayət etmədiyini görə bilərsiniz.

Yalnız Azərbaycanda deyil, Finlandiyada da yaxınlıqda zibil qabı olsa da, tullantıları yerə atanlar az deyil. Mən şüşə qablarını tullantılar yığan fələstin vətəndaşının qarşısına atanları demirəm... Burada dilənçilər də var. Amma onlar finlandiyalı yox, başqa ölkələrdən idilər.

Helsinki şəhərinin gözəlliyini iki gün orada olmaqla izah etmək mümkünsüzdür. Burada diqqət çəkən başqa bir amil şəhərin mərkəzində rus çarı II Aleksandrın nəhəng heykəlinin ucaldılması idi. Finlandiyaya Rusiya imperiyası tərkibində geniş hüquqlar verən II Aleksandrı bu gün də finlərin böyük hörmətlə yad etdiklərini öyrəndik. Həmin heykəl kompleksi çarın ölümündən 13 il sonra - 1894-cü ildə heykəltəraş Volter Runeberq tərəfindən ucaldılıb.

HİK-in azərbaycanlı jurnalistlərə hörmətsizliyi

Bu səfərimiz "Neftçi" üçün heç də uğurlu alınmadı. Artıq oyundan bir gün əvvəl HİK-in yerli media nümayəndələrinə və kluba qarşı laqeyd münasibətini gördük. Qarşılaşmadan öncə mətbuat konfransı üçün matçın keçiriləcəyi "Bolt Arena"ya çatdıqda, Finlandiya təmsilçisinin nümayəndələri 55 nəfər nümayəndə heyətindən başqa heç kimi stadiona buraxmayacağını söylədi. "Neftçi"nin Media, marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Rüstəm Allahverdiyevin uzun söhbətindən sonra jurnalistlər də arenaya daxil ola bildilər. Az sonra növbəti problemlə üzləşdik. Mətbuat konfransı otağının istifadəyə verilmədiyini, qapalı məkanda belə tədbirlərin gerçəkləşməyəcəyini söylədilər. Nəticədə mətbuat konfransı açıq havada baş tutdu. Burada da stulların düzülməsinə qədər bütün işləri özümüz gördük.

HİK-in qeyri-peşəkar davranışı oyun günü də davam etdi. Azərbaycandan gələn jurnalistlərə media tribunasında yer verilməməsi də başqa problem idi. İlk dəfə idi ki, işimizi azarkeşlərin əyləşdiyi tribunadan görməyə məcbur olduq. Bizimlə yanaşı, oyunu izləməyə gələn həmyerlilərimizə də problem yaşatdılar. Müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar "Bolt Arena"da "Neftçi"yə dəstək olurdu. Onların biletləri VİP sektoru üçün nəzərdə tutulmuşdu. Lakin səlahiyyətli şəxs təhlükəsizliyi səbəb gətirərək onlara aid olduqları yerdə əyləşməyə mane oldu. Uzun müzakirələrdən sonra azarkeşlər tribunadakı yerlərini tutdular.

"Neftçi"ni Konfrans Liqasında gözləyən təhlükə

"Neftçi"nin göstərdiyi oyunla bağlı isə ayrıca danışmaq lazımdır. Baş məşqçi Samir Abasovun komandası birinci hissədə nə isə etməyə çalışsa da, ikinci yarıda özünə bənzəmirdi. 0:3 hesablı məğlubiyyət bəlkə də çox şeydən xəbər verir. Flaqmanın heyətində Mamadu Mboc artıq neçənci dəfədir ki, səhvləri sıralayır. Bəs görəsən, ölkə çempionu hansı səbəbdən bu vaxta kimi hücumçu tapa bilməyib? Yoxsa mövsümü Mirabdulla Abbasovla yola vermək istəyir? "11-lik"də yer alan və daha sonra meydana daxil olan futbolçuların hər birinin oyunu haqqında danışmaq olar. Amma Abasovun görüşdən sonra dediyi kimi, rəqib komanda hansı futbolu sərgiləyirsə, sən də ona uyğun hərəkət etməlisən. Görünən odur ki, "Neftçi"nin işi UEFA Konfrans Liqasında da çətin olacaq.

İstənilən halda, İsrailin "Makkabi" (Hayfa) klubu HİK səviyyəsində deyil. Samir Abasov oyundan sonra mətbuat konfransında "Biz bu komandanın düşməni deyilik, kimlər hazır idisə, onlar da bu gün oynayıb" dedi. Yəni, meydana çıxan bəzi oyunçular da bu səviyyədə futbola hazır deyil. "Neftçi"də artıq kimlərsə, hikkəsini, tərsliyini kənara qoymalı və klubun Konfrans Liqasında qrupa vəsiqə qazanması üçün çalışmalıdır. Hikkə kənara atılmasa, nəticə HİK-lə oyundakı kimi olacaq...

Son xəbərlər

Orphus sistemi