"Neftçi"nin baş məşqçisi: "Belə qərar verilibsə, edəcəyimiz heç nə yoxdur"

"Neftçi"nin baş məşqçisi: "Belə qərar verilibsə, edəcəyimiz heç nə yoxdur" Biz daha əvvəl də çempionatla bağlı mövqeyimizi bildirmişdik. Klub olaraq oynamaq istəyirdik, amma son durumda hər şey çətinləşmişdi. Karantin rejimi uzadıldı və həftəsonları sərt karantin oldu. Bu, bizim işimizə çətinlik yaradırdı. Düşünürəm ki, İcraiyyə Komitəsinin verdiyi qərar düşünülmüş qərardır. Çünki insan sağlamlığı hər şeydən üstündür.
Futbol
161
18 İyun , 2020 16:00
Neftçinin baş məşqçisi: Belə qərar verilibsə, edəcəyimiz heç nə yoxdur

"Biz daha əvvəl də çempionatla bağlı mövqeyimizi bildirmişdik. Klub olaraq oynamaq istəyirdik, amma son durumda hər şey çətinləşmişdi. Karantin rejimi uzadıldı və həftəsonları sərt karantin oldu. Bu, bizim işimizə çətinlik yaradırdı. Düşünürəm ki, İcraiyyə Komitəsinin verdiyi qərar düşünülmüş qərardır. Çünki insan sağlamlığı hər şeydən üstündür".

Bu fikirləri "Report"a açıqlamasında "Neftçi"nin baş məşqçisi Füzuli Məmmədov Azərbaycan Premyer Liqasının və ölkə kubokunun dayandırılmasına münasibət bildirərkən deyib.  

43 yaşlı mütəxəssis AFFA İcraiyyə Komitəsinin doğru qərar verdiyini bildirib. Məmmədov qərara qədər bütün komandalar kimi Premyer Liqaya hazırlaşdıqlarını sözlərinə əlavə edib: "Məşqlərimizi və yoxlama oyunlarımızı keçirirdik. Çünki bizim çempion olmağa şansımız var idi. Sona qədər də mübarizə aparacaqdıq. Amma qərar belə verilibsə, bizim edəcəyimiz heç nə yoxdur". 

Baş məşqçi bu günə qədər planlarının mövsümün bərpasına hazırlaşmaqdan ibarət olduğunu vurğulayıb: "Bu gün bu qərar verildi, sabahdan yeni mövsüm və Avropa Liqası üçün planlı şəkildə hazırlaşacağıq. Oyunçulara gəldikdə, hazırda bu barədə heç nə deyə bilmərəm. Bir az götür-qoy etdikdən sonra hər şey aydın olacaq. Tam olaraq fikrimiz mövsümün davamına köklənmişdi. Biz fikirləşməliyik. Kimin qalacağı, kimin gedəcəyi, hansı futbolçunu alacağımızla bağlı qərar veriləcək". 

Məmmədov deyib ki, "Neftçi" məşqləri dayandırmayacaq: "Planımızı qurub yeni mövsümə və Avropa Liqasına hazırlaşacağıq. Sabahdan yeni qərarların qəbulu istiqamətində fəaliyyətə başlayacağıq".

Mütəxəssis hazırda Naxçıvanda olan qapıçı Aqil Məmmədov barədə də danışıb: "Onunla mən və qapıçılar üzrə məşqçi Etibar Tanrıverdiyev hər gün əlaqə saxlayırıq. Aqilə proqram göndərilib, o da buna əsasən məşqlərini edir ki, fiziki durumu aşağı düşməsin. Bu gün də deyə bilərəm ki, onun çəkisi nə qədərdir. Naxçıvandan Bakıya gediş-gəliş bərpa olunur. Yaxın günlərdə bilet almaq imkanı əldə edən kimi, Bakıya dönəcək". 

Baş məşqçi Avropa Liqasındakı hədəflərindən də söz açıb: "Neftçi"nin hər zaman hədəfləri yüksək olub. Biz də bunu anlayırıq. Çalışacağıq ki, komanda daha da yüksəyə getsin. Əlimizdən gələni edəcəyik, mən də ambisiyalı insanam. Azarkeşlərimizi nəticələrlə sevindirmək istəyirik".  

Son xəbərlər

Orphus sistemi