Bakı. 26 dekabr. REPORT.AZ/ "Neftçi" futbol komandasının Türkiyənin Antalya bölgəsində keçirəcəyi təlim-məşq toplanışı zamanı yoldaşlıq görüşlərinin təqvimi müəyyənləşib. "Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, hazırlıq prosesi yanvarın 11-də başlanacaq.
2 həftəlik toplanış müddətində ilk oyun yanvarın 14-də olacaq. Həmin gün "Neftçi" Səudiyyə Ərəbistanının "Hajer" klubunu sınağa çəkəcək. Bundan 3 gün sonra rəqib İranın "Fulad" komandası olacaq. Yanvarın 20-də Çinin "Guiju Rehne", ertəsi gün Ukraynanın "Volın" klubu ilə üz-üzə gələcək flaqman son matçını yanvarın 23-də Rusiyanın "Dinamo" (Moskva) klubunun 23 yaşadək futbolçulardan ibarət komandasına qarşı keçirəcək. Bütün yoxlama görüşləri "Mardan İdman Kompleksi"nin stadionunda baş tutacaq.
Qeyd edək ki, təqvimdəki oyunlardan əlavə, daha bir yoxlama görüşü nəzərdə tutulub.