Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət millisi "Neftçi"nin əsas komandası ilə yoxlama oyunu keçirib.
"Report"un məlumatına görə, "Türk Hava Yolları Futbol Mərkəzi"ndə baş tutan qarşılaşma flaqmanın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Görüşdə bütün qollar ilk hissədə vurulub. Hesabı 6-cı dəqiqədə "ağ-qaralar"ın hücumçusu Mirabdulla Abbasov açıb. 24-cü dəqiqə "Neftçi"nin yeni transferi Keysuke Honda penaltidən 2-ci topu yığmanın qapısından keçirib. Bu, yaponiyalı ulduz yarımmüdafiəçinin paytaxt klubunda ilk qolu olub. 9 dəqiqə sonra 35 yaşlı pleymeyker növbəti dəfə diqqət mərkəzinə düşüb. Bu dəfə onun məhsuldar ötürməsini Sabir Buqrin qola çevirib. 38-ci dəqiqədə U-21 millisi Musa Qurbanlının 11 metrlik cərimə zərbəsindən vurduğu qolla fərqi azaldıb.
İkinci hissədə komandalar çox çalışsalar da, hesab dəyişməyib. Əvəzində 67-ci dəqiqədə "Neftçi"nin yarımmüdafiəçisi Bruno Teluşi ikinci sarı vərəqəni görərək meydandan qovulub. Lakin yoxlama matçı olduğundan albaniyalı futbolçunun əvəzinə oyuna Eltun Əlibəyli daxil olub.
Qeyd edək ki, U-21 yığması bundan əvvəl keçirdiyi yoxlama görüşündə "Qarabağ"a 4:2 hesabı ilə qalib gəlib.