"Neftçi" Azərbaycan çempionatları tarixində 1 400-cü qolunu vurub

"Neftçi" Azərbaycan çempionatları tarixində 1 400-cü qolunu vurub “Neftçi” komandası futbol üzrə Azərbaycan çempionatları tarixində 1400-cü qolunu vurub.
Futbol
188
18 Aprel , 2021 13:57
Neftçi Azərbaycan çempionatları tarixində 1 400-cü qolunu vurub

“Neftçi” komandası futbol üzrə Azərbaycan çempionatları tarixində 1400-cü qolunu vurub.

"Report"un Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən məlumatına görə, bu, Premyer Liqanın XXIII turunun “Zirə” ilə görüşünə təsadüf edib.

“Ağ-qaralar”ın 4:0 hesabı ilə qalib gəldiyi görüşdə vurulan 3-cü qol yubiley xarakteri daşıyıb. Bu qarşılaşmayadək 1397 dəfə fərqlənən bakılılar 1401-ə çatıb. Yubiley qoluna Namik Ələskərov imza atıb.

Bu görüş Ələskərov üçün ikiqat yubileylə əlamətdar olub. Yarımmüdafiəçi “ağ-qaralar”ın heyətində 100-cü çempionat matçında 25-ci, ardınca 26-cı qoluna imza atıb. Paytaxt təmsilçisinin heyətində 2016/2017 mövsümündə debüt edən Ələskərov həmin çempionatda 11 qarşılaşmada (2 qol) şans qazanıb. 2017/2018 mövsümündə 27 (5 qol), 2018/2019 mövsümündə 23 (3 qol), ötən çempionatda 18 dəfə meydana çıxan forvard cari turnirdə 21-ci görüşündə 16-cı dəfə rəqib qapısına yol tapıb.

O, “Neftçi”nin tarixinə Azərbaycan çempionatında 100 və ya daha çox oyun keçirən 26-cı futbolçu kimi düşüb. Paytaxt təmsilçisinin rekordçusu İqor Getmandır. Sabiq müdafiəçinin hesabında 182 oyun var.

Ələskərov klub tarixində Azərbaycan çempionatında 25 və daha çox qol vuran 15-ci futbolçudur. Hesabını 26 topa çatdıran yarımmüdafiəçi Fərrux İsmayılov (25 qol), Zaur Tağızadə və İlham Məmmədovu (hər ikisi 24 qol) keçərək 14-cü sıraya qalxıb. Rekord isə Samir Ələkbərova məxsusdur – 99 qol.

1992-ci ildən keçirilən ölkə çempionatları tarixində ən çox qol vuran komanda 1400-ə 820-ci oyunda çatıb. Paytaxt təmsilçisinin orta məhsuldarlığı 1,71-ə bərabərdir. “Ağ-qaralar” evdə 812, səfərdə 569, neytral meydanda 20 dəfə fərqlənib.

Son xəbərlər

Orphus sistemi