Naxçıvan stadionu təmirə bağlanıldı

Naxçıvan stadionu təmirə bağlanıldı Niyə Naxçıvan komandası əsas çempionatda olmasın?
Futbol
5 May , 2021 16:12
Naxçıvan stadionu təmirə bağlanıldı

Naxçıvan Muxtar Respublikasının stadionu təmirə bağlanılıb.

Bu barədə "Report"a Muxtar Respublika səfərindən qayıdan AFFA-nın texniki direktoru Cahangir Həsənzadə məlumat verib.

Assosiasiya rəsmisi səfər zamanı arenaya baş çəkmək istəklərinin təmirlə əlaqədar baş tutmadığını söyləyib: "Bizə bildirdilər ki, stadionun ot örtüyü dəyişdiriləcək və bəzi təmir işləri aparılacaq. Bu səbəbdən, stadiona gedə bilmədik".

Həsənzadə arenanın işıqlandırma sisteminin bərpası ilə bağlı məlumata malik olmadığını sözlərinə əlavə edib: "Detallara varmadıq. Çox güman ki, hansısa texniki nasazlıqlar varsa, tələblərə cavab vermirsə, bu barədə həm klub, həm də federasiya rəhbərliyi məlumatlıdır və lazımi nəticələri çıxaracaqlar".

Azərbaycan millisinin sabiq qapıçısı Naxçıvanın hansısa təmsilçisinin Premyer Liqa və I Divizionda iştirak ehtimalına da münasibət bildirib: "Bu barədə böyük miqyasda müzakirə olmayıb. Sözsüz ki, onlar da öz istəklərini irəli sürdülər. İstəyərlər ki, komandaları daha böyük miqyasda futbol oynasın və daha peşəkar səviyyəyə qalxa bilsin. Amma bu məsələ müzakirə mövzusu deyil. Orada bəzi standartlar və lisenziyalaşdırma var. Onları yaxın təmasda olaraq, müzakirə etmək lazımdır. Gələcəkdə Premyer Liqada oynamaq istəklərini bildirdilər. Müvafiq qaydada hamı əsas liqada oynamaq şansını necə qazanırsa, onlar da elə etməlidirlər".

O, bölgə təmsilçilərinin əsas liqada olmasının yaxşı hal olduğunu vurğulayıb: "Ad xatirinə hansısa komandanın Premyer Liqada olmasının tərəfdarı deyiləm. Kəmiyyət baxımından razıyam, həm də keydiyyət ortaya qoyulmalıdır. Naxçıvan bölgə kimi Premyer Liqada təmsil olunmağa qismən hazırdır. Əsas meydan təmir olunur və köməkçi meydançalar, təlim-məşq bazaları var. Niyə də Naxçıvan komandası əsas çempionatda olmasın? Niyə də yox?! Bu məsələlər mənim istəyimlə deyil. Orada futbolun inkişafı ilə bağlı mesajlar var".

Həsənzadə Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri və Naxçıvan Futbol Federasiyasının prezidenti Azad Cabbarovla görüşdüklərini, müxtəlif futbol tədbirlərinin təşkili, kütləviliyin artırılması ilə bağlı fikir mübadiləsi apardıqlarını sözlərinə əlavə edib: "Azad müəllim futbolu sevən biridir. Onunla fikir mübadiləsi aparmaq xoş oldu. Belə səpkidə insanlarla işləmək daha rahatdır. Futbolun tələblərini və tendensiyalarını anlayır, çalışır ki, onlarla ayaqlaşsın".

Texniki direktor Naxçıvanın Babək rayonu ərazisindəki Uzunoba Təlim-Məşq İdman Kompleksində də olduqlarını xatırladıb: "Orada böyük ölçüdə bir, kiçik ölçüdə isə iki süni meydança var. Çalışırlar ki, ilkin mərhələdə infrastrukturu ərsəyə gətirsinlər ki, gələcəkdə futbolun inkişafına qulluq edən təlim-məşq bazası olsun. Biz də idman qurğusu ilə tanış olduq, onların gələcək planlarını dinlədik. Öz məsləhətlərimizi də bilavasitə verdik".

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının stadionunda iki dəfə Azərbaycan Kubokunun finalı, bir dəfə Superkubok oyunu keçirilib. Arena 12 800 tamaşaçı tutumuna malikdir.

Son xəbərlər

Orphus sistemi