Naxçıvan finalı: Məzarsız türbə, uniformalı taksi sürücüləri və afrikalı ofisiant - REPORTAJ

Naxçıvan finalı: Məzarsız türbə, uniformalı taksi sürücüləri və afrikalı ofisiant - REPORTAJ Futbol üzrə Azərbaycan Kubokunun final matçının iki ildən sonra yenidən Naxçıvanda keçirilməsi barədə qərar heç də birmənalı qarşılanmamışdı. Bu, ilk növbədə, Muxtar Respublikada ilin-günün bu vaxtında hava şəraitinin hədsiz isti olmasından irəli gəlirdi. Finalçı Qəbələ və Sumqayıt klublarının rəhbərliyindən tutmuş futbolçularınadək hamısı bəzən açıq, bəzən də üstüörtülü formada qərardan narazılıqlarını büruzə verirdilər.
Futbol
20 May , 2019 18:51
Naxçıvan finalı: Məzarsız türbə, uniformalı taksi sürücüləri və afrikalı ofisiant - REPORTAJ

Futbol üzrə Azərbaycan Kubokunun final matçının iki ildən sonra yenidən Naxçıvanda keçirilməsi barədə qərar heç də birmənalı qarşılanmamışdı. Bu, ilk növbədə, Muxtar Respublikada ilin-günün bu vaxtında hava şəraitinin hədsiz isti olmasından irəli gəlirdi. Finalçı "Qəbələ" və "Sumqayıt" klublarının rəhbərliyindən tutmuş futbolçularınadək hamısı bəzən açıq, bəzən də üstüörtülü formada qərardan narazılıqlarını büruzə verirdilər.

Elə media da Naxçıvan finalının əleyhinə idi. Səbəb kimi oradakı stadionda jurnalistlərin iş şəraitinin çox aşağı səviyyədə olması, hətta internetin belə zəifliyi göstərilirdi. Oyuna bir neçə gün qalmış isə daha bir xəbər gəldi. Məlum oldu ki, təşkilatçı Peşəkar Futbol Liqası (PFL) Naxçıvana heç bir media əməkdaşını aparmayacaq. Bu, maddi durumu onsuz da aşağı səviyyədə olan idman mətbuatı üçün yaxşı xəbər deyildi.

Demək, mövsümün son oyununu işıqlandırmaq istəyən hər bir KİV Muxtar Respublikaya öz imkanları hesabına getməli idi. Bu, heç də az məbləğ deyildi: Təyyarə ilə gediş-dönüş bileti 100 manat, üstəgəl, oyun günü dönüş biletləri komandaların özləri tərəfindən alındığından, Naxçıvanda ən azı bir günlük qalma xərcləri. Bura nahar və şəhəriçi nəqliyyat xərclərini də gəldikdə, ən azı 150 manatından keçməli idin.

Nəticə isə belə oldu: Yayımçı CBC Sport telekanalından başqa mövsüm ərzində əksər oyunlarda təmsil olunmuş 3 media orqanı Naxçıvan səfəri üçün də xərc çəkdi. Onların arasında "Report" da var idi. Oyun gününə gediş-dönüş biletləri tapmaq mümkün olmadığından, oteldə iki gecə qalası oldum.

Mayın 19-na keçən gecə Naxçıvana çatarkən, sərin hava hökm sürürdü. Uniformalı taksi sürücüləri çöldə müştəri gözləyirdi. Kubok matçının burada keçirilməsi bəlkə də ən çox onların ürəyincə idi. Axı, istər klubların 30-40 nəfərlik nümayəndə heyətləri, istər elə ən azı o qədər azarkeşləri, istərsə də digər qonaqlar taksi xidmətlərindən yararlanmalı idilər. Hava limanından şəhərə çatdırılma isə ən azı 5 manata başa gəlirdi.

Şəhərdə səliqə-sahman ilk baxışdan sezilirdi. Qaldığımız "Avtovağzal" otelinin pəncərəsindən yaxınlıqdakı Araz çayına, çayın o tərəfindəki İrana, şəhəri əhatə edən dağlara doğru gözəl mənzərə canlanırdı. Avtovağzalın özündən isə Türkiyənin Iqdır bölgəsinə gündəlik avtobuslar çıxırdı. Amma şəhəriçi nəqliyyat vasitələri sırasında avtobuslar elə də gözə çarpmırdı. Burada daha çox Naxçıvan Avtomobil Zavodunda yığılan sarı rəngli NAZ Lifan taksiləri ilə hər addımında rastlaşa bilərdin.

Şəhəri gəzməyə az da olsa, vaxtımız oldu. İlk tanışlıq mərkəzi parklardan birindəki çayxanadan başladı. Burada səhər vaxtı 50 nəfərdən çox insan var idi. Ola bilsin, bazar günü olduğu üçün, ya da işsizlikdən vaxtlarını öldürürdülər. Naxçıvanda müasir tipli restoranlara da rast gəlmək olardı. Masalar ətrafında isə gənc oğlan və qızları, ailələri görmək mümkün idi. Günorta və şam yeməyini yediyimiz restoranda nəinki cinsi, hətta irqi ayrıseçkiliyə də yol verilmirdi. Ofisiantlardan biri afrikalı idi. Lakin o, nədənsə, şəklinin çəkilməsinə icazə vermədi. 

Naxçıvan həm də tarixi abidələri ilə zəngindir. Onlardan biri Möminə Xatun Türbəsidir. Məşhur Azərbaycan memarı Əcəmi Naxçıvaninin şah əsəri Atabəylər dövrünə aiddir. Atabəylər dövlətinin banisi Şəmsəddin Eldənizin həyat yoldaşı üçün tikdirdiyi bu türbəni ziyarət edənlər çox deyildi. Üstəlik, bələdçisiz ziyarət içəridə bir qədər pərakəndəlik yaratmışdı. Əksər tarixi abidələrdən fərqli olaraq, bura giriş pulsuz idi. Möminə Xatunun məzarı isə yerində deyildi. Səbəbini soruşduqda bunu bir müddət əvvəl məzarın Rusiyaya aparılması ilə əlaqələndirdilər.

Şəhərdəki ən gözlənilməzlik isə müxalifət partiyalarının qərargahlarının mərkəzdə hələ də fəaliyyət göstərməsi idi. Düzdür, yerli sakinlər qərargahda çalışanların çox az olduğunu bildirirdilər. Amma hər halda sərt siyasi mühitin olduğu deyilən Muxtar Respublikada demokratik mühit görmək adama yaxşı mənada təəccüblü gəlirdi.

Naxçıvanın kontinental iqlimə malik olduğu hamıya məlumdur. Yəni, buranın qışı sərt soyuq, yayı isə çox isti olur. Amma oyun ərəfəsi və sonra hava şəraitində baş verən dəyişikliklər doğrudan da inanılmaz idi. Təsəvvür edin, matça cəmi 1 saat qalmış leysan başlayır, qısa müddətdən sonra yağış dayanır və hava açılmağa başlayır. Oyunun əksər bölümü sərin havada keçir. Sonluğa doğru göyün üzünü qara buludlar alır. Bu zaman hava qaralmağa başlayır. Stadionda süni işıqlandırma işə düşür. Amma bu projektorların elə də effekti olmur. Yaxşı ki, matç əlavə 30 dəqiqəlik vaxta və penaltilərədək getmir. "Qəbələ" elə 4-cü dəqiqədə vurduğu qolla tarixində ilk dəfə Azərbaycan Kubokunu qazanır.

Oyundan sonra mükafatlandırma mərasimi zamanı güclü külək başlanır. Hətta külək səhnəni də silkələyir. Medalları sinidə saxlayan milli geyimli xanımlardan birinin başındakı tülü külək aparır. Hamının mükafatlandırmanı mümkün qədər qısa vaxtda bitirməyin gərəkliyini düşündüyü vaxt isə külək səngiyir və göyün üzü açılır. Dönən səhnənin o üzündən kubok gəlir və "Qəbələ"yə təqdim olunur. "Qırmızı-qaralar" dördüncü cəhdində bu mükafata sahib çıxır. Üzlərdəki sevnci təsəvvür etmək çətin deyil!

13 minədək tamaşaçı tutumuna malik Naxçıvan Muxtar Respublikası stadionunun yarıdan çoxu dolmuşdu. Tribunaların bir hissəsində isə əsgərlər qərarlaşmışdı. Əvəzində uniformalı polislər gözə dəymirdi. Təhlükəsizliyə cavabdeh şəxslərin hamısı mülki geyimdə idi. Tamaşaçılar hələ oyuna bir saat qalmış tribunalarda yerlərini almışdılar. Ola bilsin, bu, Əməkdar artist Tünzalə Ağayevanın konserti ilə əlaqədar idi.

Oyun barədə geniş danışmağa gərək yoxdur. Hələ matçın əvvəlində vurulan qol həlledici oldu. "Qəbələ" bombardiri Ceyms Adeniyinin xəstələnməsi, əsas qapıçısı Dmitri Bezotosnının isə oyunöncəsi məşqdə köhnə zədəsini təzələməsi səbəbindən itkilərinə baxmayaraq, oyunu qələbə ilə başa vurdu.

Naxçıvanda gördüklərimizə əsasən, daha çox müsbət fikirlər səsləndirmək olar. Bura Günnüt zəfərinin qazanıldığı bölgədir. 1992-ci ildə erməni silahlı birləşmələri tərəfindən işğal edilən Şərur rayonunun Günnüt kəndi 2018-ci ilin yazında Azərbaycan Ordusunun nəzarəti altına keçib. Kənd 26 ildən sonra işğaldan azad olunub. Blokada şəraitində yaşamasına rəğmən, qonşu İran və Türkiyə ilə əlaqələr yüksək səviyyədədir. Şəhərdə ciddi problemlə qarşılaşmaq olmur, cinayətkarlıq doğrudan da çox aşağı səviyyədədir. Bakıdan Naxçıvana gündəlik 4 təyyarə reysi var. Hava nəqliyyatı isə İran ərazisindən keçməli olur. Hər yerdə olduğu kimi, giley-güzar işsizlik sarıdandır. Bu problemin də tezliklə aradan qaldırılacağı diləyi ilə...

Elşən MƏMMƏDOV

Bakı - Naxçıvan - Bakı 

Son xəbərlər

Orphus sistemi