Murad Musayev: "Qış fasiləsində 100-dən çox futbolçuya baxmışıq"

Murad Musayev: "Qış fasiləsində 100-dən çox futbolçuya baxmışıq" "Oyuna çox yaxşı başladıq, amma ilk hissədə meydanın mərkəzində çoxlu boşluq verdik və ikinci toplarda rəqibə uduzmağa başladıq".
Futbol
1 Fevral , 2022 21:55
Murad Musayev: Qış fasiləsində 100-dən çox futbolçuya baxmışıq

"Oyuna çox yaxşı başladıq, amma ilk hissədə meydanın mərkəzində çoxlu boşluq verdik və ikinci toplarda rəqibə uduzmağa başladıq".

"Report"un məlumatına görə, bunu "Sabah"ın baş məşqçisi Murad Musayev səfərdə "Neftçi" ilə 1:1 hesablı heç-heçə etdiyi Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.

39 yaşlı mütəxəssis ikinci yarıda daha sıx oynadıqlarını bildirib: "Yaxşı qol vurduq. Bir neçə əla hücum təşkil etsək də, bunları qola çevirə bilmədik. İki komandanın ifasında maraqlı oyun oldu. İnanıram ki, azarkeşlər də razı qaldılar. Hələ heç nə dəyişməyib, şanslar yenə bərabərdir".

O, meydanda görülən işin keyfiyyətindən razı qaldığını söyləyib: "Futbolçulıar meydanda yaxşı təsir bağışladılıar. Təlim-məşq toplanışında iddialı rəqiblərlə qarşılaşdıq. Oyundan-oyuna artırırıq. Transfer pəncərəsinin bağlanmasına 1 həftə qalıb. İnanıram ki, yeni oyunçu almaq üçün hələ də şanslarımız var".

Bu yaxınlarda bir neçə yeni futbolçunun komandaya qoşulacağını deyən rusiyalı baş məşqçi braziliyalı tanınmış hücumçu Vaqner Lava təklif göndəridklərini etiraf edib: "Onun bura gəlməsini istəyirdik. Təklif də göndərmişdik. Sadəcə, Danimarkada oynamağı seçdi. 100-dən çox futbolçuya baxmışıq. Hazırkı oyunçulardan da razıyam".

O, mövsümün ilk hissəsindəki komanda ilə hazırkını müqayisə etməyin tez olduğunu vurğulayıb: "Çox az oyun keçirmişik. Dəyişikliklər barədə danışmaq tezdir. Oyunumuz sabit olmalıdır. Mövsümün sonunda bu barədə danışa bilərik. Ən yaxşı göstərici sabitlikdir".

Musayev Xulio Sezar Rodrigesin ikinci hissədə zəif təsir bağışlamasının səbəbinə də toxunub: "Xulio təlim-məşq toplanışında tam olaraq iştirak edib. Hər bir məşqdə olub. Sadəcə, ikinci hissədə meydanın mərkəzində möhkəmlənmək üçün Xuan Kamaranı bir qədər geriyə çəkdik. Ona görə də Rodrigesin üstünə çox iş düşdü".

Rusiyanın "Krasnodar" klubundan təklif almadığını söyləyən mütəxəssis Macarıstan "Ferentsvaroş"u ilə danışıqlar apardığını gizlətməyib: "Klubun prezidenti ilə danışmışdıq. Amma sonda avstriyalı mütəxəssisin üzərində durdular. Ondan sonra başqa təklif almamışam".

Son xəbərlər

Orphus sistemi