Bakı. 5 iyun. REPORT.AZ/ "Qarabağ" klubunun futbolçusu Muarem Muarem Türkiyə "Eskişehirspor"u ilə münasibətlərini rəsmiləşdirib. "Report"un Türkiyə təmsilçisinin rəsmi saytına istinadən verdiyi məlumata görə, makedoniyalı yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb.
Bu gün klub bazasında baş tutan imzalanma mərasimində klubun vitse-prezidenti Ahmet Yalçın Muaremi hələ qış fasiləsində almaq istədiklərini, lakin keçidin baş tutmadığını xatırladıb.
27 yaşlı futbolçu isə "Eskişehirspor"da uğur qazanmaq istədiyini bildirib: "Qış fasiləsindən bəri bu komandanın bütün oyunlarını izləyirəm. Buraya gəldiyim üçün xoşbəxtəm".
Qeyd edək ki, Muarem Muarem əvvəllər "Orduspor" (Türkiyə), "Teteks", "Rabotniçki" (hər ikisi Makedoniya) klublarında çıxış edib. O, Makedoniya milli komandasının heyətində 11 oyuna 4 qol vurub.