Monteneqrolu futbolçu: "3 qələbədən sonra eyforiyaya qapılmamalıyıq"

Monteneqrolu futbolçu: "3 qələbədən sonra eyforiyaya qapılmamalıyıq" "Qarşıda çox vacib oyunumuz var. Nəticə baxımından bəlkə də ən önəmli matça çıxacağıq. Olduqca motivasiyalıyıq. Yaxşı oyun göstərib müsbət nəticə qazanmaq istəyirik".
Futbol
12 Oktyabr , 2020 17:02
Monteneqrolu futbolçu: 3 qələbədən sonra eyforiyaya qapılmamalıyıq

"Qarşıda çox vacib oyunumuz var. Nəticə baxımından, bəlkə də, ən önəmli matça çıxacağıq. Olduqca motivasiyalıyıq. Yaxşı oyun göstərib müsbət nəticə qazanmaq istəyirik".

"Report"un məlumatına görə, bu fikirləri Monteneqro yığmasının futbolçusu Stefan Saviç UEFA Millətlər Liqasının qrup mərhələsinin IV turunda evdə Lüksemburqla keçirəcəkləri oyun barədə danışarkən deyib.

Lüksemburqla qrupdakı ilk qarşılaşmanı (1:0) xatırlayan 29 yaşlı müdafiəçi indi fiziki cəhətdən daha yaxşı vəziyyətdə olduqlarını bildirib: "Buna əzmkar məşqlə nail olmuşuq. Lüksemburqla ilk matçda rəqib bizi oyunun çox hissəsində üstələmişdi. Fiziki baxımdan hazır olmadığımız açıq-aşkar görünürdü. İndi isə hər şey fərqlidir. Yaxşı hazırlıq keçmişik və komandada yüksək rəqabət var".

İspaniyanın "Atletiko" (Madrid) komandasında çıxış edən futbolçu Latviya ilə yoldaşlıq, Azərbaycanla isə Millətlər Liqası oyununa ev sahibliyi edən Podqoritsadakı "Qradski" stadionunun ot örtüyünün bərbad vəziyyətdə olmasından gileylənib: "Hazırda yağış yağır. Arenanın vəziyyəti ilə bağlı hansısa müsbət dəyişikliyin olacağını düşünmürəm. Amma yenə də ümid edirik ki, oyun üçün nisbətən normal şərtlər yaradılacaq".

İlk 3 turdan sonra maksimum nəticə göstərdiklərini söyləyən Saviç eyforiyaya qapılmamalı olduqlarını vurğulayıb: "Hələ heç nə bitməyib. Sabitliyimizi qorumalıyıq. Çünki bu, qrupda ən vacib oyundur. Meydana qələbə üçün çıxacağıq".

Qeyd edək ki, oktyabrın 13-də keçiriləcək Monteneqro - Lüksemburq matçı Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Faruk Hacibegiçin başçılıq etdiyi komanda oktyabrın 10-da qrupdakı 3-cü oyununda evdə Azərbaycan millisini 2:0 hesabı ilə məğlub edib.

Son xəbərlər

Orphus sistemi