Millinin baş məşqçisi: "Rəqibin zəif cəhətindən istifadə etməyə çalışacağıq"

Millinin baş məşqçisi: "Rəqibin zəif cəhətindən istifadə etməyə çalışacağıq" "Vacib oyundur və bizi ağır görüş gözləyir".
Futbol
506
28 Yanvar , 2022 15:53
Millinin baş məşqçisi: Rəqibin zəif cəhətindən istifadə etməyə çalışacağıq

"Vacib oyundur və bizi ağır görüş gözləyir".

"Report"un məlumatına görə, bunu futzal üzrə Azərbaycan milli komandasının baş məşqçisi Joze Alesio Da Silva Niderlandda təşkil olunan Avropa çempionatında Bosniya və Herseqovina yığmasına qarşı keçirəcəkləri D qrupunun sonuncu - III tur matçından öncə mətbuat konfransında deyib.

Braziliyalı mütəxəssis rəqibin 2 oyununu izlədiyini bildirib: "Təşkilatlanmış komandadır. Əlbəttə, bizim üçün çətin bir duel olacaq. Amma əlimizdən gələni edəcəyik. Onlar hər iki oyunda yenilsələr də, yaxşı çıxış etdilər. Nəticə qazanmaq istəyiriksə, mütləq intizamlı, istəkli oynamalıyıq. Yəni, İspaniya millisi ilə matçdakı kimi mübarizə aparmalıyıq".

Baş məşqçi heyətdə müəyyən dəyişiklik edəcəyini söyləyib: "Rəqibin zəif cəhəti odur ki, kompakt oynamırlar. Biz də çalışacağıq ki, bundan istifadə edək. Yenə deyirəm, ispanlara qarşı necə oynamışıqsa, futzalçılarımdan həmin oyunu, əzmkarlığı, iradəni gözləyirəm".

Yığmanın hücumçusu İsa Atayev isə qələbə qazanmaq üçün mübarizə aparacaqlarını söyləyib: "Növbəti mərhələyə yüksəlmək baxımından şansımız davam edir. Düzdür, hər şey öz əlimizdə deyil. İstədiklərimizin baş verməsi üçün paralel keçiriləcək oyunda Gürcüstan millisi İspaniyanı yenməlidir. Biz üzərimizə düşəni edəcəyik".

Futzalçı oyuna azarkeşlərin buraxılması məsələsinə də toxunub: "Görüş tamaşaçıların iştirakı ilə keçiriləcək. Futzalda azarkeş önəmlidir. Bu, futzalçıların oyuna motivasiya olması baxımından da əhəmiyyətlidir”.

Qeyd edək ki, yanvarın 29-da keçiriləcək Azərbaycan - Bosniya və Herseqovina oyunu Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi