Millimizin oyunçusu: "Qrupda ən çətin rəqibimiz Slovakiya olacaq"

Millimizin oyunçusu: "Qrupda ən çətin rəqibimiz Slovakiya olacaq" “Son illərdə Slovakiya yığması ilə ardıcıl oyunlar keçirmişik. Növbəti dəfə yenə rəqib olduq".
Futbol
411
4 Sentyabr , 2020 11:33
Millimizin oyunçusu: Qrupda ən çətin rəqibimiz Slovakiya olacaq

“Son illərdə Slovakiya yığması ilə ardıcıl oyunlar keçirmişik. Növbəti dəfə yenə rəqib olduq. Elə Moldova ilə də son illərdə tez-tez üz-üzə gəlirdik. Düzdür, bu komanda ilə daha çox yoldaşlıq oyunlarında rəqib olmuşuq. Amma son seçmə mərhələdə ilk dəfə rəsmi oyunda qarşılaşdıq".

"Report" xəbər verir ki, bu fikirləri futzal üzrə Azərbaycan millisinin üzvü Xətai Bağırov federasiyanın rəsmi saytına Avropa çempionatının püşkü barədə danışarkən deyib. 

O, bu iki komandanı yaxşı tanıdıqlarını bildirib. Futzalçı Slovakiya və Moldovadan əlavə, Türkiyə - Yunanıstan cütünün qalibinin də komandaya rəqib olacağını xatırladıb.

Bağırov Slovakiya ilə oyunların çətin keçdiyini etiraf edib: "Qələbə qazansaq da, bu asan başa gəlmir. Qrupda ən çətin rəqibimiz Slovakiya olacaq. Moldovanı da Bakıdakı rəsmi oyunda çətinliklə məğlub etdik. Həmin vaxt oyunumuz da istədiyimiz kimi alınmadı, hamımız zəif oynadıq. Amma müqayisə etsək, yenə deyirəm, Slovakiya digərlərindən güclüdür. Bizə birinci yer uğrunda mübarizədə əsas çətinlik yaradacaq komanda onlar olacaq. Bunu deməklə digər rəqiblərimizə hörmətsizlik etmək istəmirəm. Əlbəttə, Moldova yığması da oyun zamanı istənilən səhvdən, boşluqdan istifadə edəcək gücdədir. Üçüncü rəqibimizin kimliyi pley-off oyunlarından sonra bilinəcək. Məncə, Yunanıstan millisi daha şanslı hesab olunur".

Onun sözlərinə görə, komandanın qarşısına hər zamankı kimi, yenə konkret tapşırıq qoyulacaq: "Növbəti dəfə Avropa çempionatının final mərhələsində iştirak etməliyik. Ona görə də yaxşı hazırlaşmalı, heç bir rəqibə saymazyana yanaşmamalı, reytindəki üstünlüyümüzü meydanda da ortaya qoymalı və niyə favorit hesab olunduğumuzu oyunumuzla göstərməliyik”.

Qeyd edək ki, Avropa çempionatının seçmə mərhələsində qrup oyunları dekabrın 6-da başlayacaq və 2021-ci il aprelin 14-də yekunlaşacaq. 

Yekunda 8 qrup qalibi və ən yaxşı göstəriciyə malik 6 komanda həlledici mərhələyə birbaşa vəsiqə qazanacaq. İkinci yerin sahibləri arasında ən zəif göstəriciyə malik iki komanda isə pley-off görüşündə üz-üzə gələcək. Bu oyun 2021-ci ilin noyabrında gerçəkləşəcək.

Orphus sistemi