Adil Nağıyev: "Topa rəqibi çaşdırmaq üçün tullandım"

Adil Nağıyev: "Topa rəqibi çaşdırmaq üçün tullandım" "Məni, yəqin ki, penalti epizoduna görə daha çox hədəfə alıblar. Lakin növbəti oyunlarda hər şey dəyişə bilər".
Futbol
934
8 Sentyabr , 2020 12:30
Adil Nağıyev: Topa rəqibi çaşdırmaq üçün tullandım
Adil Nağıyev

"Bugünkü matçda iştirak etməyəcəyəm. Baş məşqçi Canni De Byazi nə qərar veribsə, hörmətlə yanaşmaq lazımdır. Yəqin ki, məsləhət belədir".

Bu fikirləri "Report"a açıqlamasında Azərbaycan yığmasının futbolçusu Adil Nağıyev UEFA Millətlər Liqasının II turunda Kiprə qarşı səfərdə keçirəcəkləri matçdan əvvəl deyib. 

25 yaşlı müdafiəçi Lüksemburqa 1:2 hesabı ilə uduzduqları görüşdəki səhvinə görə bu qərarın verildiyini bildirib. Nağıyev həmin matçın 72-ci dəqiqəsində penaltiyə səbəb olduğu üçün məyusluq ifadə edib: "O epizod olmasaydı, bəlkə də Lüksemburqla matçda hər şey daha yaxşı alınacaqdı. Futboldur, ani diqqətsizlik oldu. İlk dəfə yığmada rəsmi matçda debür edirdim, həqiqətən təcrübəm çatmadı. Amma nəticə çıxarıb, daha yaxşı olacağıma inanıram".

"Səbail" klubunda çıxış edən oyunçu baş məşqçi Canni De Byazinin qarşılaşmadan sonra ona heç nə demədiyini vurğulayıb. O, azarkeşlərin tənqidini normal qarşıladığını sözlərinə əlavə edib: "Hər kəsi başa düşürəm, azarkeş də istəyir ki, komanda qələbə qazansın. Amma qələbəni bizim qədər heç kim istəyə bilməz. Alınmayanda, alınmır".

Müdafiəçi hansı zərurətdən penalti epizoduna səbəb olması barədə isə bunları deyib: "Rəqib oyunçunu diqqətsiz buraxdım, həmin anda top məni keçirdi. Hiss etdim ki, futbolçu hesabı dəyişdirəcək. Sadəcə, tullanaraq onu çaşdırmaq istədim. Amma top əlimə dəydi. Penaltiyə səbəb olmağıma çox təəssüflənirəm".

Nağıyev Mahir Emrelinin qırmızı vərəqə almaasının da nəticəyə təsir etdiyini söyləyib. O, Emrelidən çox özünün hədəfə alınma səbəbini bilmədiyini vurğulayıb: "Mən öz səhvimə görə pis olmuşam. Debüt matçımda belə olmamalı idi. Həyat davam edir, hər səhvlə karyera bitəsi deyil. Səhvimdən ciddi nəticə çıxarmalı və daha yaxşısını etməliyəm. Azarkeşlərin tənqidi normaldır. Yerimdə olsalar, başa düşərlər. Məni, yəqin ki, penalti epizoduna görə daha çox hədəfə alıblar. Lakin növbəti oyunlarda hər şey dəyişə bilər. Klubumda daha yaxşı oynayıb, yenidən dəvət alacağıma inanıram".

Futbolçu Lüksemburqla oyundan sonra komanda yoldaşlarının ona təsəlli verdiklərini vurğulayıb. O, evdə Lüksemburqa uduzmalarına rəğmən, hazırda yığmada ab-havanın yaxşı olduğunu və Kiprlə görüşdə yalnız uğurlu nəticə qazanacaqlarına ümid etdiyini də diqqətə çatdırıb.

Qeyd edək ki, bu gün Nikosiyadakı GSP stadionunda keçiriləcək Kipr - Azərbaycan matçı Bakı vaxtı ilə saat 22:45-də başlanacaq. 

Orphus sistemi