Millimizin keçmiş hücumçusu niyə özünə klub tapa bilmir?

Millimizin keçmiş hücumçusu niyə özünə klub tapa bilmir? “Sumqayıt” komandasının tarixində ən çox qola imza atmış futbolçu Amil Yunanov hazırda klubsuzdur.
Futbol
907
15 Avqust , 2020 11:13
Millimizin keçmiş hücumçusu niyə özünə klub tapa bilmir?
Amil Yunanov

“Sumqayıt” komandasının tarixində ən çox qola imza atmış futbolçu Amil Yunanov hazırda klubsuzdur.

“Report” xəbər verir ki, 27 yaşlı hücumçu ilə Premyer Liqanın heç bir komandası maraqlanmır. Yunanov 2017/2018 mövsümündə Azərbaycan Premyer Liqasının bombardirlik yarışında 10 qolla ikinci olub. O, həmin dönəmdə 28 oyunun hamısında 2245 dəqiqə meydanda olub. Hücumçu 2016 – 2018-ci illərdə 4 dəfə Azərbaycan millisinin də formasını geyinib.

Yunanov “Report”a açıqlamasında hazırda klubsuz qalmasının səbəbini bilmədiyini söyləyib. O, deyib ki, üzləşdiyi durum onun üçün də gözlənilməz olub: “Komanda ilə məşq etməsəm də, özüm fərdi qaydada çalışıram. Yay vaxtı doğma Tovuz rayonunda idim. Çempionat yekunlaşmamışdan öncə “Sumqayıt”la bir müddət məşqə çıxmışdım. 1 aya yaxın məşq etdikdən sonra isə çempionatla bağlı yekun qərar verildi. Komandasız məşq etmək çətindir, amma fiziki formamı qorumağa və çəkimin artmaması üçün çalışıram”.

Forvard “Sumqayıt”ın ona yeni müqavilə təklif etməməsi ilə bağlı da danışıb. Yunanov mövsüm başa çatandan sonra onunla əlaqənin kəsildiyini söyləyib: “Rəhbərliyin mənə müqavilə təklif etməməsi özümə də maraqlıdır, səbəbini həqiqətən bilmirəm. Bunu klubdan soruşsanız, daha yaxşı olar. Ağlıma hansısa səbəb gəlmir. Çempionat başa çatandan sonra nə mənimlə maraqlanan olub, nə də "sağ ol" deyib vidalaşan. Heç bir şey olmadı. Mən də başa düşdüm ki, klubla hər şeyi bitirməliyəm. Müəyyən vaxtadək gözlədim, artıq gözləyəsi deyiləm. Çünki nə isə bir şey olsaydı, mənə deyərdilər. Mənə zəng edib "Amil, qal, bu maaşa oyna" desəydilər, qəbul edib oynayacaqdım. Bəlkə bunu özləri də yaxşı bilirlər, amma adicə zəng də etməyiblər. Bu isə mənə pis təsir etdi. Axı klubun tarixində ən çox qol vuran futbolçuyam”.

Yunanov onun qarşısında müəyyən şəxslərin əngəl törətmə ehtimalı ilə bağlı bir şey bilmədiyini də vurğulayıb: “Bu dəqiqə elə bir vəziyyətdir ki, nə isə deyə bilmirəm. İnsanın ağlına hər şey gəlir. Heç bir insana həyatımda pislik dəyməyib. Bundan sonra da dəyməyəcək. İnanmıram ki, kimsə mənim qarşımda əngəl törətsin. Yaşadıqca görürsən ki, həyatda hər şey gözləmək olar. Məni tanıyanlar bilir ki, intizamsızlığım və ya kiməsə qarşı hörmətsizliyim yoxdur. Oynamışam, sakit öz işimlə məşğul olmuşam. Hələ də mənə maraqlıdır ki, niyə başqa klublar da maraqlanmır. Bu dəqiqə mənim özümə də qaranlıq qalan məqamlar var. Klubsuz qaldığım müddətdə sakit dayanmamışam. Amma məndə elə bir üz də yoxdur ki, gedim kiməsə minnətçi düşüm. Yalvarası deyiləm ki, məni komandanıza götürün. Yaxın futbol adamları, menecerlər var ki, onlara ərk edib müraciət etmişəm. Futbolsuz qalmaq istəmirəm, 27 yaşım var, mənim futbolsuz qalan yaşım deyil. Futbolçunun ən yaxşı vaxtı 27 – 30 yaşlarıdır. 27 yaşına kimi təcrübə yığılır, sonra hər şeyi ortaya qoyulur. Bu dəqiqə klubsuz və futbolsuzam. Bu, mənim üçün utancvericidir”.

Oyunçu “Karyeranızda hansısa səhv etmisinizmi” sualını belə cavablandırıb: “Karyeramda “Sumqayıt” klubunda olmuşam, sonra isə “Keşlə”yə keçmişəm. Bunu hər zaman demişəm ki, “Keşlə”yə keçməkdə səhv etməmişəm. Amma sonradan “Sumqayıt”a qayıtmaqla həqiqətən səhv etdim. Bu kluba qayıtmazdan əvvəl başqa təkliflərim də var idi. Amma mən azarkeşlərə və bəzi insanlara inanıb “Sumqayıt”ı seçdim. Çox az şansım oldu. Statistikaya baxdıqda bunu görmək olar. Start heyətdə 1 və ya 2 matçım var. Bu isə məni narahat edən məqamdır”.

Hücumçu vaxt getdikcə futbolsuz qaldığı üçün çox narahat olduğunu bildirib: “Çempionat da başlayır, futbolsuz qalmağım məni narahat edir. Bu vaxta qədər gözədim ki, bəlkə bir təklif olar. İndi isə çıxılmaz vəziyyətdir. Futbola 20 ilimi vermişəm. Hələ ki, gözləyirəm və yenə də səbr edirəm. Yerli klublar məni tanıyırlar, indiyə kimi istəsəydilər, müraciət edərdilər. Ola bilər ki, hansınasa son anda lazım olam. Ən azı, futbolsuz qalmamaq üçün xarici ölkəyə də üz tuta bilərəm. Amma adam gedib pis vəziyyətdə olan yerlərdə oynamaq istəmir. Mənim karyeramda bircə mövsüm eniş olub. Həqiqətən mənə çox qaranlıq qalıb ki, niyə heç kim məni istəmir. Futbolçular var ki, 2-3 il eniş yaşayıblar, amma hardasa oynayıblar. “Keşlə”də çıxış etdiyim vaxt komanda sonuncu oldu, amma mən ən çox qol vuranlardan idim. Bunu isə özüm üçün eniş saymıram".

“Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov məsələ ilə bağlı bunları deyib: “Amil Yunanova böyük hörmətim var. Biz başqa hücumçularla danışıqlar apardıq. Artıq bir transferi yekunlaşdırmışıq. Sırf başqa keyfiyətdə olan hücumçular istəyirik. Biz də büdcəyə uyğun geniş heyət qura bilmirik. Keçən il də ehtiyat oyunçularımız gənclər idi. Bu il də belə olacaq. Hansısa futbolçu haqqında danışmaq istəmirəm. Məşqçilər necə futbolçu istəyirsə, o yöndə transfer edir. Biz daha bir hücumçu transfer edəcəyik. Burada başqa bir məqam yoxdur”.

Amil Yunanov "Qəbələ" Futbol Akademiyasının yetirməsidir. Akademiyanın direktor müavini Nail Kərimov "Report"a açıqlamasında Yunanovu ən intizamlı, səliqəli və çalışqan oyunçulardan biri kimi dəyərləndirib: "Amil gəldiyi gündən özünü yaxşı tərəfdən göstərmişdi və öyrədilənləri tez götürürdü. Başla necə oynamaq və təkbətəkdə necə hərəkət etmək lazımdırsa, bunları məşqçilərimiz izah edəndə ən tez qavrayan oyunçu olub. Hamısını xatırlayıram, gözümün qabağındadır.

Kərimov Yunanovun U-17 Liqasında 40 qol vurduğunu və bunun həmin çempionat üçün yüksək göstərici olduğunu sözlərinə əlavə edib: "Bizim əvəzedici komandada çıxış edib və məhsuldarlığı ilə seçilib. Səhv eləmirəmsə, orda da bombardir olub. Əsas komandaya düşməkdə çətinlik çəkdiyinə görə I Diviziona yollanıb. "Neftçala" klubunda icarə əsasında çıxış edib və müəyyən çətinliklər yaşayıb. Yenidən bizə qayıdıb, növbəti mərhələlərdə üzə çıxmasında çətinliklər olub. Daha əvvəl də belə bir hadisə olub, Amil klub axtarıb və yaxın duran olmayıb. Azərbaycanda yerli hücumçulara komandalarda yer tapmaq çətindir. Hamı legionerlər gətirir, bu səbəbdən, yerlilərin oynaması çətin olur".

"Qəbələ" rəsmisi hücumçunun daha sonra "Sumqayıt"a yollandığını sözlərinə əlavə edib: "Samir Abasov ona əsas heyətdə şans verdi, həmin an parlamışdı. Onu tanıyanlar da bilir ki, məşqdən sonra qalıb işləyən futbolçulardan biridir. Hər zaman öz üzərində işləyir".

Kərimov "Qəbələ"nin forvarda təklif göndərməməsini isə belə əsaslandırıb: "Keçən il Yunanova təklif olmuşdu. Amma o, "Sumqayıt"ı seçmişdi. Bəlkə də səhvi orda etdi, bu gün klubsuz qalıb. Hansısa klub ona dəvət göndərmir. Amma mən məşqçi olsam, güvənəcəyim adamlardan biri olar. "Qəbələ"nin sabiq futbolçuları kifayət qədərdir. Bu gün hansı oyunçu baş məşqçiyə uyğun gəlirsə, ona da şans verir. Dediyim kimi, ötən il Yunanova təklif göndərmişdik, amma başqa komandanı seçdi. Bu il isə həmin mövqe doludur. Ona görə təklif göndərilmədi".

Orphus sistemi