Millimizin baş məşqçisi: "Qələbə üçün əlimizdən gələni edəcəyik"

Millimizin baş məşqçisi: "Qələbə üçün əlimizdən gələni edəcəyik" "Biz əvvəlki oyunda Lüksemburqa uduzduq. İstəyirik ki, sabah yaxşı çıxış edib vəziyyəti dəyişək. Oyuna ciddi yanaşırıq".
Futbol
741
7 Sentyabr , 2020 19:43
Millimizin baş məşqçisi: Qələbə üçün əlimizdən gələni edəcəyik
Canni De Byazi

"Biz əvvəlki oyunda Lüksemburqa uduzduq. İstəyirik ki, sabah yaxşı çıxış edib vəziyyəti dəyişək. Oyuna ciddi yanaşırıq".

"Report"un məlumatına görə, bunu Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi UEFA Millətlər Liqasının II turunda qarşılaşacaqları Kipr seçməsi ilə səfər oyunu öncəsi mətbuat konfransında deyib.

O bildirib ki, sabah havanın isti olması ciddi problem yaratmayacaq: "Düzdür, müəyyən çətinliklər ola bilər. Amma sabah komandamdan yaxşı oyun gözləyirəm. Qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik".

64 yaşlı mütəxəssisin sözlərinə görə, komanda vaxt keçdikcə inkişaf edəcək: "Çünki yaxşı oyunçularımız var. Futbolçularıma inanıram. Mənim üçün elə də çətin vəziyyət deyil. Məğlubiyyətdən sonra daha çox qələbə istəyi olur. Futbolçular öz yaxınlarını, azarkeşlərimizi sevindirmək istəyəcəklər. İlk dəqiqədən sonadək inamlı oynayacaqlar".

De Byazi Azərbaycan klublarının avrokuboklarda Kiprdə uğurlu nəticələr qazanmasından məmnun olduğunu deyib: "Amma bunlar keçmişdə qalıb. İndi əsas sabahkı matçdır. İlk oyunumuzun nəticəsi ürəkaçan olmasa da, sabah futbolçular meydanın hər qarışı uğrunda mübarizə aparacaqlar".

Təcrübəli mütəxəssis kapitanlıq sarğısının Maksim Medvedevdən alınıb Qara Qarayevə verilməsi xəbərinə də aydınlıq gətirib: "Hər iki oyunçuya böyük hörmətim var. Qəzet və saytlarda cürbəcür fantaziyalar yazılır. Lüksemburqla oyundan sonra guya kapitanımızın sevindiyi bildirilib. Amma bu belə deyil. Bizə meydana sakit başla çıxmaq və uğurlu nəticə qazanmaq lazımdır".

Baş məşqçi Lüksemburqla matça müdafiə futbolu oynamaq üçün çıxmadıqlarını vurğulayıb: "İlk oyunda azlıqda qaldıqdan sonra taktiki dəyişikliklər etməyə məcbur olduq. Açığı, hücum futbolu oynamaq istəyirdik. Oyunumuz rəqibimizin gücündən asılıdır. Qırmızı vərəqə və penalti olmasaydı, hər şey fərqli bitə bilərdi".

Son xəbərlər

Orphus sistemi