"Birinci hissədə oyunumuz istədiyimiz kimi alınmadı. Slovakiya millisi öz futbolunu oynadı. Bizim konsentrasiya, xətlərarası əlaqə baxımından çətinliyimiz var idi".
"Report"un məlumatına görə, bu fikirləri 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Milan Obradoviç Avropa çempionatının seçmə mərhələsinin Slovakiya ilə səfər oyunu barədə danışarkən deyib.
Serbiyalı mütəxəssis bildirib ki, komandası oyun matç ərzində hücum xəttində fəal olmağa çalışıb: "Bir neçə təhlükəli vəziyyət yarada bildik. İkinci hissədə isə yaxşı pressinq etdik. Daha çox mərkəzdən hücum edirdik, bu isə məni tam qane etmədi, çünki cinahlarda da fəal oynamaq vacibdir".
43 yaşlı baş məşqçinin sözlərinə görə, milli qol buraxdıqdan sonra oyuna köklənə bilib: "Fiziki hazırlığımız buna imkan verdi. Amma beynəlxalq oyunların kasadlığı özünü göstərdi. Sonuncu dəqiqədə qol buraxaraq məğlub olmaq, təbii ki, çox məyusedicidir. Ümumilikdə, oyundan tam olaraq və nəticədən razı deyiləm".
Qeyd edək ki, səfərdə Slovakiyaya 1:2 hesabı ilə uduzan yığma AVRO-2021-in final mərhələsinə vəsiqə şansını itirib.