Millimizin baş məşqçisi: "Eriksenə görə hamının keçirdiyi hissləri yaşadım"

Millimizin baş məşqçisi: "Eriksenə görə hamının keçirdiyi hissləri yaşadım" "Yenidən Avropa çempionarına qatılmaq əla olardı. Amma bu dəfə belə alındı"
Futbol
23 İyun , 2021 14:33
Millimizin baş məşqçisi: Eriksenə görə hamının keçirdiyi hissləri yaşadım
Canni De Byazi

"Yenidən Avropa çempionarına qatılmaq əla olardı. Amma bu dəfə belə alındı".

"Report"un məlumatına görə, bu fikirləri futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Albaniyanın "News24" telekanalına müsahibəsində Avropa çempionatı ilə bağlı fikirlərini bölüşərkən deyib.

İtaliyalı mütəxəssis bildirib ki, qeydə alınan sürpriz nəticələr əsasında proqnoz vermək çətindir. İtaliya yığmasının finala çıxacağına ümidvar olduğunu vurğulayan De Byazinin fikrincə, bu barədə danışmaq üçün tezdir: "İtaliya qrup oyunlarında yaxşı nəticələr qazandı. Demək olar ki, start ideal oldu. Doğma komandamla yanaşı, Belçika, Fransa və İngiltərənin də finala yüksələ biləcəyini düşünürəm".

65 yaşlı baş məşqçi yığmanın heyətində Lorentso İnsinye və Çiro İmmobileni fərqləndirib: "Roberto Mançini əla kollektiv formalaşdırıb. Amma fərqlilikdən danışanda ilk növbədə, hücumameylli futbolçular ön plana keçir. İnsinye və İmmobile öz oyun dəst-xətti ilə seçilsələr də, digərlərini də unutmaq olmaz".

De Byazi İngiltərə millisini favorit hesab etsə də, britaniyalıların böyük turnirlərdə öz potensialını tam aça bilmədiyini söyləyib: "İngiltərə çox yaxşı komandadır, lakin bu cür turnirlərdə sonadək gedə bilmirlər. Heyətdə ulduz futbolçular çox olsa da, meydanda heç də hər zaman baxımlı oyun göstərə bilmirlər".

Fransa millisindən də söz açan təcrübəli mütəxəssis bu yığmanın finala vəsiqə şanslarının daha çox olduğunu istisna etməyib: "Fransızlar Portuqaliya, Almaniya və Macarıstanın da yer aldığı "ölüm qrupu"ndan çıxa bilsə, finaladək irəliləyəcək".

De Byazi Danimarka millisinin futbolçusu Kristian Eriksenin Finlandiyaya qarşı B qrupunun ilk görüşündə ölümlə üz-üzə qalmasına da münasibət bildirib: "Həmin an mən də hamının keçirdiyi hissləri yaşadım. Xoşbəxtlikdən, həkimlərin operativ müdaxiləsi sayəsində futbolçunun həyatını xilas etmək mümkün oldu. Hamı kimi mən də onun ən qısa zamanda geri qayıtmasını və normal həyatına davam etməsini arzulayıram".

Qeyd edək ki, Avropa çempionatına iyulun 11-də yekun vurulacaq.

Son xəbərlər

Orphus sistemi