​Məşqçilər Komitəsinin sədri millinin yeni baş məşqçisi haqda danışıb

​Məşqçilər Komitəsinin sədri millinin yeni baş məşqçisi haqda danışıb Futbolda inamsızlıqdan danışan Vaqif Sadiqov bu təyinatın arxasında dayandıqlarını vurğulayıb
Futbol
10 Yanvar , 2015 15:19
​Məşqçilər Komitəsinin sədri millinin yeni baş məşqçisi haqda danışıb

Bakı. 10 yanvar. REPORT.AZ/ "Rəhbərliyə minnətdarıq ki, bizim seçimimizə hörmət etdilər, əcnəbi mütəxəssis gətirmədilər və yerliyə etibar göstərdilər. İnanıram ki, bu seçim gələcəkdə öz xeyrini göstərəcək. Yaşar Vahabzadə 6-7 ildir sırf idmanla məşğul olan insandır. Gəncləri də çox yaxşı tanıyan, işini bilən bir adamdır. O, ən yaxşı ehtiyat qüvvəni milli komandaya tam hazırlaya bilər". Bunu "Report"a açıqlamasında AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov deyib.

21 yaşlardan ibarət Azərbaycan yığmasının Yaşar Vahabzadəyə həvalə olunmasına münasibət bildirən V.Sadıqov rəhbərlik etdiyi komitənin nüfuzunu saxlamaqla belə bir təyinatın olmasını sevindirici hal sayaraq, təkliflərinin rəhbərlik tərəfindən rədd edilmədiyini bildirib. O, baş məşqçiliyə namizədlər siyahısında yer alan 4 mütəxəssisin hər biri haqqında rəy verilməli və bunun AFFA İcraiyyə Komitəsinə çatdırılmalı olduğunu söyləyib.

Onun sözlərinə görə, Yaşar Vahabzadə digər 3 namizəddən daha üstün olub. Buna səbəb isə Vahabzadənin uzun müddət gənclərlə birgə çalışmasıdır. Üstəlik yığmanın sabiq baş məşqçisi Bernhard Lipperdlə birgə işləmək bu seçimdə Vahabzadəyə böyük üstünlük verib: "Hesab edirəm ki, Yaşarın digərlərindən üstünlüyü ondan ibarət olub ki, o, son 7 ildə Bernhard Lipperdin köməkçisi olub və onun davamçısı kimi Azərbaycan gənclərini qat-qat digərlərindən yaxşı tanıyır. Martda rəsmi oyunlar başlayacaq və az bir müddət qaldığına görə bu seçimə normal yanaşmaq lazımdır. Bizim üçün fərqi yoxdur ki, kim olsun. Əsas onun ətrafında birləşməliyik. Həm Şahin Diniyev, Nazim Süleymanov, həm də Əsgər Abdullayev ona lazım olan köməkliyi etməlidirlər. Biz rəy verəndə də bildirdik ki, son vaxtlar gəncləri tanıyan, onlarla işləyən bir mütəxəssis kimi Yaşarın adını siyahıya salmışıq".

V.Sadıqov Azərbaycanın U-21 yığmasının baş məşqçisi postuna namizədlər siyahısında yer alan Şahin Diniyev, Nazim Süleymanov və Əsgər Abdullayevin də öz sözlərini deyəcəklərini, Azərbaycan futboluna xidmət edərək tövhələrini verəcəklərini söyləyib: "Onların hər biri Azərbaycan futbolunun tanınmış simaları, eyni nəslin nümayəndələri, yaxşı dostluqları olan adamlardır. Məncə hər biri bu gün sevinir. Yəni bizim üçün kimin baş məşqçi təyin ediləcəyinin fərqi yoxdur. Əsas məsələ yerli mütəxəssisin olmasıdır və bu da Məşqçilər Komitəsinin bir uğurudur. Ən vacibi hər birimizin ona dəstək olmağımızdır. Çünki o, ilk növbədə yerli mütəxəssisdir. Bu seçimlə azərbaycanlı mütəxəssislərə inam artıb. Yaşar müəllimlə Antalyada görüşəcəyik. Orada onun planları ilə tanış olub, hesabatlarını dinləyəcəyik. Bundan sonra məqsədlər aydın olacaq. Çox gərgin iş olacağını deyə bilərəm. Hamımız birlikdə olsaq, bu yükü apara biləcəyimizi hesab edirəm".

Futbolda inamsızlıqdan danışan Vaqif Sadiqov bu təyinatın arxasında dayandıqlarını vurğulayıb. O, qərarın düzgün olduğunu və dəstəklərini əsirgəməyəcəklərini deyib: "Bizim futbolumuzda bu gün ən böyük problemlərdən biri odur ki, bir-birimizə inamımız yoxdur. Hesab edirəm ki, bu gün bu təyinatın arxasında Məşqçilər Komitəsi durub. Bu komitə siyahıya Yaşar Vahabzadənin adını salıbsa, deməli, ona etimad göstərib. Bu gün futbol daxilində idman prinsipinə əməl olunur, həyat da insan prinsipinə hörmət olunmalıdır. Məşqçilərə fərq qoymamalıyıq. Biz bu qərarı dəstəkləyirik və inanırıq ki, nəticə verəcək. Bu məsələr bizə imkan vermir ki, inkişaf edək. Biz bir şeyi dərk etməliyik ki, bu insan son 10 ili gənclərlə işləyən biridir. Gənclərdən ibarət yığmanı hər birimizdən qat-qat üstün bilən biridir. Çox şadam ki, Rövnəq Abdullayevin timsalında rəhbərlik bu seçimi edib və düzgün qərar qəbul ediblər".

U-21-ə əsas namizəd olan Nazim Süleymanovun baş məşqçi seçilməməsinə komitə sədri bu cür münasibət bildirib: "Nazim Süleymanovla bu yaxınlarda danışmışam və o həmişə bizim yanımızdadır. İndi rəsmi olmasa da, tezliklə məşqçi kimi Azərbaycan futboluna öz töfhəsini verəcək. Biz də Məşqçilər Komitəsi kimi əlimizdən gəldiyi qədər öz köməyimizi əsirgəməyəcəyik. Qeyri-rəsmi də bizə kömək edəcək, amma rəsmiyə qaldıqda, tək 21 yaşlılarla iş bitmir. Bu gün üçün olmasa da, gələcək üçün planlarımız var. Biz istəyirik ki, bütün aşağı yaş qruplarında yerli mütəxəssislər çalışsın. Bu söz elə belə deyilməyib".

Sonda isə V.Sadıqov Azərbaycan milli komandasında oynamaq təklifini qəbul edən İspaniyanın “Qranada” klubunun futbolçusu Eddi İsrafilovla bağlı fikirlərini söyləyib. O, 22 yaşlı futbolçunun gənc olduğunu nəzərə alaraq dəstəkləmək və şans vermək lazım olduğunu bildirib: "Mən Eddi İsrafilovun ("Qranada" - "Sevilya" 1:2) oyununu izlədim. Yaxşı potensiala malik olan bir futbolçudur. Tamamilə razıyam ki, bundan öncə biz onun ayağına getmişik. Vaxt dəyişib və Eddi özü başa düşüb ki, Azərbaycanla bağlılığı olan, kökü Azərbaycana bağlı olan bir insandır. Azərbaycan yığması üçün əlindən gələni etməyə borclu olmalıdır. Özü gəlməsə də, nümayəndələrini buraya göndərib. Bu qərarı dəstəkləmək və ona şans vermək olar. Allah hər kəsə şans verir və kimin bu şansdan necə istifadə edəcəyini zaman göstərəcək. Futbol kollektiv oyunudur və vaxt lazım olacaq ki, Eddi yığmamıza uyğunlaşsın. Gənc futbolçudur, 22 yaşı var. İranlılar deyirlər ki, dağa gedən bir futbolçudur, dağdan düşən deyil. Yəni oynamaq istəyən biridir. Eddi də çox yaxşı başa düşür ki, o, millidə oynamaqla öz nüfuzunu qaldırır. Üstəlik, millidə yaxşı çıxış etməklə gələcəyini təmin edir. Məncə, bu gün bu maraqlar üst-üstə düşür. Özü qərar qəbul edib və təklif göndərib".

Qeyd edək ki, Məşqçilər Komitəsinin təqdim etdiyi siyahıya əsasən, AFFA prezidenti Rövnəq Abdullayevin göstərişi ilə U-21 yığması Yaşar Vahabzadəyə həvalə olunub.

Son xəbərlər

Orphus sistemi