Məqsədin arzuya çevrildiyi Malta səfəri - REPORTAJ

Məqsədin arzuya çevrildiyi Malta səfəri - REPORTAJ Üç qitənin dəniz yollarının kəsişdiyi, Azərbaycana 12 bal verən ölkə futbolda 3 xalı "qıymadı"
Futbol
11 Sentyabr , 2018 11:53
Məqsədin arzuya çevrildiyi Malta səfəri - REPORTAJ
Report
0 : 00
0 : 00

Bakı. 11 sentyabr. REPORT.AZ/ Dünya və Avropa çempionatlarının final mərhələsinə vəsiqə qazanmaq aşağı reytinqli ölkələr üçün çətin tapşırıqdır. Lakin UEFA-nın yeni təsis etdiyi Millətlər Liqası bu qəbildən olan dövlətlərdə arzu və məqsəd anlayışlarını özündə birləşdirir. Bu baxımdan, D Liqasının 3-cü qrupunda yer alan Azərbaycan millisinin də hədəfi AVRO-2020-yə düşməkdir. Avropa çempionatının üç qrup və bir 1/4 final oyununun Bakıda keçirilməsi yığma üçün əlavə motivasiyadır. Gəl ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv turnirə istədiyi kimi başlaya bilməyib.

Bakı Olimpiya Stadionunda baş tutan ilk oyunda Kosovo ilə qolsuz heç-heçəni debüt həyəcanına bağlayıb, Maltaya yola düşənlər arasında "Report"un əməkdaşı da var idi. Ancaq kiçik adaya böyük ümidlərlə yollanan komanda üzvlərinin simasında narahatlıq hiss olunurdu. Buna rəğmən, hər kəs müsbət nəticəyə köklənmişdi. Oyundan əvvəl təşkil edilən mətbuat konfransında baş məşqçi Qurban Qurbanovun “bura qələbə qazanmaq üçün gəlmişik” söyləməsi komandanı yalnız 3 xalın qane edəcəyinə işarə idi.

Baş məşqçi Kosovo ilə ilk tur qarşılaşmasından fərqli olaraq, “11-lik”də hücumların kəsərini artırmaq üçün 3 dəyişiklik etmişdi. Sol cinah müdafiəçisi mövqeyində Ürfan Abbasovu Təmkin Xəlilzadə, hücum xəttində Ruslan Qurbanovla Ramil Şeydayevi Dmitri Nazarovla Rauf Əliyev əvəzləmişdi.

Təəsüf ki, Ta Qali Milli stadionundakı matçda hesabı açan tərəf meydan sahibləri oldu. Ağır zədədən sonra hələ də formasını tam bərpa edə bilməyən Bədavi Hüseynov penaltiyə səbəb olunca, artıq 10-cu dəqiqədə topu qapımızda gördük. Ancaq ruhdan düşməyən yığma 26-cı dəqiqədə Xəlilzadənin əla zərbəsi ilə status-kvonu bərpa etdi.

İrəliləyən dəqiqələrdə rəqib futbolçunun qayda pozuntusundan sonra zədələnən Pavlo Paşayevin Ürfan Abbasovla əvəzlənməsini nəzərə almasaq, Qurbanovun digər dəyişiklikləri hücum xəttində fəallığı artırmaq və qələbə qolunu vurmağa hesablanmışdı. Hərçənd, çoxları Ramil Şeydayevin əvvəlki formasından çox uzaq olan Dimitri Nazarovun yerinə meydana daxil olacağını gözlədiyi halda, baş məşqçi Rauf Əliyevi oyundan aldı. Əfsus ki, nə Şeydayev, nə də Emin Mahmudovu əvəzləyən Cavid İmamverdiyev etimadı doğrutdular.

Ümumiyyətlə, yığma üzvlərinin əksəriyyətinin yaxşı formada olmadığı həm Kosovo, həm də Malta ilə oyunlarda aşkar göründü. Təsadüfi deyil ki, media önündə futbolçulardan nadir hallarda şikayətlənən Qurbanov da qarşılaşmadan sonra bu məqama diqqət çəkdi.

Maltalı futbolçuların ikinci hissədə vaxtı uzatmaq üçün hər yola əl atmaları, baş məşqçi Rey Farruciyanın oyundan sonra təşkil edilən mətbuat konfransında olduqca sevincli görünməsi, hətta azərbaycanlı jurnalistlərlə əl-ələ görüşməsi “cırtadanlar”ın bir xala qazanc gözü ilə baxmalarının göstəricisi idi.

Azərbaycan millisi isə Maltada 2 xal itirib, məqsədini arzuya çevirdi. Düzdür, hələ heç nə itirilməyib. Qrupun favoriti kimi göstərilən Kosovonun 4 xalı olsa da, hələ 4 oyun var. Yığma sentyabr sınağından üzüağ çıxa bilməsə də, qarşıda bizi oktyabr və noyabr məcaraları gözləyir. İnamı itirmək üçün çox tezdir...

Azərbaycan millisi Avropa, Asiya və Afrikanın dəniz yollarının kəsişdiyi nöqtədə zərbə aldı. Futbol öz yerində, bu qeyri-adi ölkə barədə də təəssüratları bölüşməyə gərək var.

Malta - Aralıq dənizində, İtaliyadan 80 km cənubda, Tunisdən isə 284 km şərqdə yerləşən ada dövlətidir. Ölkənin ərazisi 316 km2 təşkil edir ki, bu da Abşeron yarmadasının təqribən 1/7-i deməkdir. Paytaxt Valletta olsa da, ən böyük şəhər Birkirkaradır.

Ümumiyyətlə, ölkənin yerləşdiyi Malta arxipelaqı əsasən iki adadan - Malta və Qozodan ibarətidir. Bura həmçinin Müqəddəs Pavel və Filfla adaları, az adamın yaşadığı Komino, eləcə də xırda Kominotto və Filfoletta daxildir. Malta çay və təbii gölün olmadığı yeganə Avropa dövlətidir. Adanın ən hündür yeri 253 metrlik Ta-Dmeyrek zirvəsidir.

Ölkənin 475 minlik əhalisi var və onların 95 faizi maltalılardır. Rəsmi dil ingilis və Malta dilləri sayılsa da, əhalinin 66 faizi italyanca başa düşə, eləcə də danışa bilir.

Maltanın Avropa, Asiya və Afrikanın dəniz yollarının kəsişdiyi yerdə olması hələ eramızdan əvvəl burada məskən salan insanlar üçün başağrı olub. Ada finikiyalılarla yunanların koloniyasına çevrilib, sonralar müxtəlif dövrlərdə karfagenlilər, romalılar, bizanslılar,ərəblər, normanlar, ispanlar və digərləri tərəfindən işğal olunub.

1798-ci ildə Napoleon Bonapartın komandanlığı ilə Misirə yürüş edən Fransa ordusu yolüstü Maltanı da işğal edir. 1800-cü ildə isə ingilislər Valettanı tuturlar. 1814-cü ildə imzalanan Paris sülh müqaviləsinə əsasən, bu ərazi Böyük Britaniyanın tabeliyinə keçir və hərbi-dəniz bazasına çevrilir. 21 sentyabr 1964-cü ildə ölkəyə müstəqillik verilsə də, dövlət başçısı hələ də Böyük Britaniya kraliçası sayılırdı. 1971-ci ildə Dom Mintoffun rəhbərlik etdiyi Leyborist partiyasının seçkilərdə qalib gəlməsindən sonra - 13 dekabr 1974-cü ildə Malta Respublikası elan olunub. Lakin ingilislərin buradakı hökmüranlığı 31 mart 1979-cu ilə qədər davam edib. Bu tarixdə müqavilə əsasında ölkədə yerləşən Böyük Britaniya bazaları ləğv olunub.

Lakin indi də bu dövlətin adaya təsiri hiss edilməkdədir. Məsələn, Maltada avtomobillərin sükanı sağ tərəfdədir, nəqliyyatın təşkili isə Böyük Britaniyada olduğu kimidir. Ölkə 1 may 2004-cü ildə Avropa Birliyinə, 1 yanvar 2008-ci ildə isə Avropa Zonasına qəbul edilib.

Bürkülü havanın daha çox müşahidə olunduğu Malta, əsasən, yaşlı turistlərin üz tutduğu diyardır. Qarışıq mədəniyyətlərin müşahidə olunduğu yerdə qeyri-adi nəsə axtarmağa dəyməz. Amma istənilən halda, bir dəfə də olsa, baş çəkiləsi ölkədir.

Yeri gəlmişkən, Azərbaycanla Malta arasında diplomatik əlaqələr 1995-cü il yanvarın 9-da qurulub. Milli Məclisdə Azərbaycan - Malta parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir.

Malta və Azərbaycan arasında ən böyük bağ isə Avroviziya müsiqi yarışmasıdır. Yerli əhali ilə söhbət zamanı Azərbaycandan olduğunu söyləyəndə, ağıllarına futbol yox, Avroviziya gəlir. Elə ona görə də müsabiqədə Azərbaycana 12 bal verən maltalılar futbolda 3 xalı “qıymadılar”...

Son xəbərlər

Orphus sistemi