"Kəpəz" klubunun yeni idman direktoru Mehman Allahverdiyevin baş məşqçi işləyə bilməməsinin səbəbi bəlli olub.
Bu barədə "Report"a 62 yaşlı mütəxəssisin özü açıqlama verib. Allahverdiyev bunu məşqçilik lisenziyasının olmaması ilə əlaqələndiirb.
O bildirib ki, əvvəllər bu məsələ yox idi: "Bu gün isə lisenziya tələb olunur. Ona görə bundan əvvəl də "Kəpəz"ə icraçı direktor təyin olunmuşdum".
Təcrübəli mütəxəssis gələcəkdə lisenziya əldə edib məşqçi işləmək fikrində olmadığını əlavə edib: "Artıq gecdir. Bundan sonra gedib bütün kateqoriyaları oxumaq xeyli vaxt aparar".
Qeyd edək ki, Mehman Allahverdiyev sonuncu dəfə 2011-ci ildə qısa müddətə "Kəpəz"in baş məşqçisi olub. Əslən gəncəli olan Allahverdiyev Azərbaycanın ən titullu məşqçilərindən biridir. O, Qərb təmsilçisinin sükanı arxasında 3 dəfə Azərbaycan çempionu, 4 dəfə ölkə kubokunun qalibi, 2 dəfə gümüş, 1 dəfə bürünc medalçı olub. Allahverdiyev həm məşqçilik karyerası ərzində, həm də sonradan icraçı direktor kimi yalnız "Kəpəz"də çalışıb. O, 2016-cı il sentyabrın 22-də klubun Müşahidə Şurasının qərarı ilə icraçı direktor vəzifəsindən azad olunub və o vaxtdan futbol sahəsində çalışmayıb.
Mehman Allahverdiyevin müsahibəsinin tam versiyasını buradan oxuya bilərsiniz.