Mehman Allahverdiyev: "Uşaq da bilir ki, işimiz çətin olacaq"

Mehman Allahverdiyev: "Uşaq da bilir ki, işimiz çətin olacaq" Azərbaycanın ən titullu məşqçilərin, "Kəpəz" klubunun yeni idman direktoru Mehman Allahverdiyevin "Report"a müsahibəsi
Futbol
24 İyun , 2022 16:06
Mehman Allahverdiyev: Uşaq da bilir ki, işimiz çətin olacaq

Azərbaycanın ən titullu məşqçilərindən biri, "Kəpəz" klubunun yeni idman direktoru Mehman Allahverdiyevin "Report"a müsahibəsi

- Yenidən doğma klubunuza qayıtdınız. Təyinat necə baş tutdu?

- Təklif klub rəhbərliyindən, daha doğrusu, İlqar Nadiridən gəldi. Mən də qəbul etdim. Göstərilən etimadı doğrultmağa çalışacağam.

- "Kəpəz"ə bundan əvvəl icraçı direktor, indi isə idman direktoru kimi geri döndünüz. Məşqçilik karyeranızdakı bütün uğurları isə Gəncə təmsilçisinin sükanı arxasında qazanmısınız. 3 dəfə Azərbaycan çempionu, 4 dəfə ölkə kubokunun qalibi olmusunuz. Bundan başqa, 2 dəfə gümüş, 1 dəfə isə bürünc medallarqa yiyələnmisiniz...

- Lisenziyam olmadığı üçün baş məşqçi işləyə bilmərəm. Əvvəllər bu məsələ yox idi. Bu gün isə lisenziya tələb olunur. Ona görə bundan əvvəl icraçı direktor təyin olunmuşdum.

- "Kəpəz"in Premyer Liqada iştirak üçün lisenziya əldə etməsindən sonra baş məşqçi Yaşar Vahabzadə ilə müqavilə müddəti uzadıldı. Bu isə yerli azarkeşlərin ürəyincə olmadı. Tərədarlar hesab edirlər ki, komanda Vahabzadənin rəhbərliyi altında elitada istənilən kimi mübarizə apara bilməyəcək. Siz hansı fikirdəsiniz?

- Rəhbərlik Yaşar müəllimlə müqaviləni uzadıbsa, ona yalnız uğurlar arzulaya bilərəm. Ondan öz dəstəyimi əsirgəməyəcəyəm. "Neftçi"də birlikdə oynamışıq, münasibətimiz var. Söhbətlərimiz olacaq. Yaşar müəllim dost, qardaş kimi məsləhətlərə qulaq asan insandır. Mütəxəssis kimi öz bildiklərimi ona çatdıracağam. Çalışacağıq ki, birlikdə mübariz komanda yaradaq. Hamı bilir ki, bəzi klublarımız kimi güclü maliyyəmiz yoxdur. Ümid eidrəm ki, yavaş-yavaş hər şey qaydasına düşər.

- Maliyyədən söz düşmüşkən, kluba nə qədər büdcə ayrılacaq?

- Bu vəzifəyə dünən təyinat almışam. Ona görə də maliyyə barədə elə də çox məlumatım yoxdur.

- Bundan sonra transfer məsələlərində yaxından iştirak edəcəksiniz. Maraqlandığınız, anlaşmağa yaxın olduğunu yerli və ya əcnəbi futbolçular varmı? Ümumiyyətlə, neçə legioner transfer etməyi düşünürsünüz?

- Dediyim ki, yenicə təyin olunmuşam, stadiona bu gün baş çəkmişəm. Bəzi məsələlərlə tanışlıq olub. 1-2 günə transferlər barədə tam məlumatımız olacaq.

- Premyer Liqada "Kəpəz"dən nə gözləmək olar?

- Yalandan deyim ki, iddialı olacağıq, düz çıxmaz. Uşaq da bilir ki, çətin olacaq. Amma mübariz komanda formalaşdırmaq, yaxşı oyun sərgiləmək istəyirik. Hər şeyə sıfırdan başlayırıq. Akademiyada stadion, meydançalar tikilir. Gələcəyə nikbin baxırıq.

- Komanda mövsümün əvvəlindən ev oyunlarını Gəncə şəhər stadionunda keçirə biləcək?

- Müəyyən işlər gedir. Bir neçə matçımızı Bakıda keçirə bilərik. Amma Gəncədə oynama variantı da var. Bunu AFFA müəyyənləşdirəcək. Gəlib baxdıqdan sonra yekun qərar veriləcək. İmkan olsa, evdə oynayacağıq.

- Sponsor məsələsi nə yerdədir: Kluba dəstək olmaq istəyən iş adamları varmı?

- Bu yöndə də işləyəcəyik. Çalışacağıq ki, kimlərsə köməklik göstərsin. Amma hazırda heç kim yoxdur.

- Lisenziya alıb, gələcəkdə yenidən məşqçi işləmək istərdiniz?

- Xeyr, artıq gecdir. Bundan sonra gedib bütün kateqoriyaları oxumaq xeyli vaxt aparar.

Son xəbərlər

Orphus sistemi