Marko Deviç: "Azlıqda qalmağımız gücümüzə əlavə güc qatdı" - MÜSAHİBƏ

Marko Deviç: "Azlıqda qalmağımız gücümüzə əlavə güc qatdı" - MÜSAHİBƏ Bakı. 2 fevral. REPORT.AZ/ Sabah klubunun futbolçusu Marko Deviç səfərdə Zirəyə 2:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XV tur matçından sonra brifinq keçirib.
Futbol
2 Fevral , 2019 21:11
Marko Deviç: Azlıqda qalmağımız gücümüzə əlavə güc qatdı - MÜSAHİBƏ

Bakı. 2 fevral. REPORT.AZ/ "Sabah" klubunun futbolçusu Marko Deviç səfərdə "Zirə"yə 2:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XV tur matçından sonra brifinq keçirib.

Komandasının ilk qolunu vuran ukraynalı legioner "Report"un suallarını da cavablandırıb.

- 25-ci dəqiqədən azlıqda qalsanız da, qələbə qazanmağı bacardınız. Görüş barədə nə deyə bilərsiniz?

- Hamı həmin epizodu gördü. Məncə, 25-ci dəqiqədə komandamızın oyunçusunun qovulması oyunumuza təsir etdi. Rəqibə hörmətlə yanaşıram, amma oyun ərzində gördük ki, azlıqda qalmağımız gücümüzə əlavə güc qatdı. Nəticədə özümüzü göstərdik və nəyə qadir olduğumuzu sübuta yetirdik. Şadam ki, nəticədən əlavə, 90 dəqiqə ərzində gözəl oyun sərgilədik.

- Demək istəyirsiniz ki, azlıqda oynamaq daha asan idi?

- Xeyr, belə deməzdim. Bir oyunçu çox olan komandaya oynamaq daha asan olur. Amma bu gün belə alındı.

- Ümumiyyətlə, hakimlik barədə nə deyə bilərsiniz?

- Hakimliyi şərh etmək istəmirəm. Hər şeyi onun təqdirinə buraxıram. Vərəqə göstəribsə, deməli, qayda pozuntusu olub. Hakimliklə məşğul olmaq lazım deyil. Hər kəsin öz fikri var. Hakimliyə qiymət verəcək komitə var. Qoy, onlar buna baxsınlar. Amma düşünmürəm ki, baş hakim bu gün matçın gedişinə təsir etdi.

- "Zirə"nin qırmızı vərəqə aldığı epizodda təcrübəniz nə dərəcədə rol oynadı?

- Açığı, həmin anda qırmızı vərəqənin olduğunu hiss etdim. Baş hakim yaxınlıqda idi. Simulyasiyadan söhbət gedə bilməzdi. Rəqib oyunçu emosiyalarına nəzarət edə bilmədi. Bu da vacibdir. Nəticədə meydanda oyunçuların sayı bərabərləşdi ki, bu da bizə kömək etdi. Gizlətməməliyik, çünki say da çox kömək edir.

- Çoxları düşünür ki, Marko Deviç bombardir olacaq. Bununla bağlı fikriniz necədir?

- Məncə, "Neftçi" və "Qarabağ"da da qolçuluq bacarığına malik yaxşı oyunçular var. Biz oyundan-oyuna köklənirik. Komandamız təcrübə topladıqca, futbolçular inkişaf etdikcə yaxşı nəticələrimiz də olacaq. Bombardir olub-olmayacağım vacib deyil. Əsas odur ki, "Sabah" Premyer Liqadakı ilk mövsümündə özünü göstərsin. Əlbəttə, hər bir oyunçu üçün bombardir olmaq xoşdur. Amma hər bir oyuna konsentrasiya olaraq, komandama kömək etməyə çalışıram. Ya qol vurmaq, ya məhsuldar ötürmə vermək, ya da rəqibi qırmızı vərəqə almağa kömək etməklə.

- Növbəti tur "Qəbələ" ilə qarşılaşacaqsınız. Evdə bu komandaya qalib gəlmək şanslarınız nə qədərdir?

- "Qəbələ" çox yaxşı, güclü komandadır. Biz bunu bilirik. Qalib gəlməyə çalışacağıq. Amma asan olmayacaq. Bu komanda Azərbaycan Kubokunun 1/4 finalında bizi iki dəfə məğlub etdi. Təəssüf ki, 0:1 hesabı ilə uduzduğumuz oyunlara televiziya vasitəsilə baxdım. Əsas odur ki, qış fasiləsindən sonra ilk oyunumuzdan qalib ayrıldıq. Necə deyərlər, külək kürəyimizdən əsir. Səfər qələbəsindən sonra evdən oynamaq komandada arxayınlıq yarada bilər. Məncə, uduzası bir şeyimiz yoxdur, şansımızdan maksimum yararlanmalıyıq. Amma istənilən halda, oyun ağır olacaq. "Qəbələ"yə hörmət edirik. Bu komanda neçə illərdir yüksək pillələrdə yer alır, hətta Avropa Liqasının qrup mərhələsində çıxış edib.

- Hətta vəsiqə qazansanız belə, avrokuboklarda oynaya bilməyəcəksiniz. Belə bir komandada çıxış etmək maraqsız deyil?

- Şəxsən mən bunu əvvəldən bilirdim. 3-4-cü yeri tutmaq elə də vacib deyil. Komandada hamımız özümüzü göstərməyə çalışırıq. Hər birimiz çempionatı yüksək pillələrdə başa vurmaq istəyirik. Əlbəttə, avrokuboklarda oynaya bilməyəcəyimiz təəssüfləndiricidir. Amma hansı yeri tutacağımızı demək də tezdir. Hələ 13 tur və ya 39 xallıq mübarizə var. Elə qısa çempionatdır ki, 2-3 tura vəziyyət dəyişə bilər. Mövsümün ikinci hissəsinə yaxşı başladıq. Futbolçularımızın bu nailiyyətinə görə şadam. Hamısını təbrik edirəm. Kollektiv mübarizə aparmağımız sayəsində qalib gəldik. Rəşad Eyubov, Təmkin Xəlilzadə və Coşqun Diniyevi yaxşı debüt münasibətilə təbrik edirəm. Komandaya gələnlər özlərini yaxşı tərəfdən göstərdilər. Onların xarakter göstərmələrinə şadam. Bunun sayəsində nəticə gəldi.

Son xəbərlər

Orphus sistemi