​"Maribor" rəsmisi: "Bizə problemi isti hava yox, "Qəbələ" yarada bilər"

​"Maribor" rəsmisi: "Bizə problemi isti hava yox, "Qəbələ" yarada bilər" Biz bu matça çox ciddi hazırlaşacağıq
Futbol
12 Avqust , 2016 23:19
​Maribor rəsmisi: Bizə problemi isti hava yox, Qəbələ yarada bilər

Bakı. 12 avqust. REPORT.AZ/ "Avrokubok matçları çempionat oyunlarından fərqlənir. "Qəbələ" yaxşı komandadır. Biz bu rəqibə hörmətlə yanaşırıq". 

Bunu "Report"a açıqlamasında Sloveniya "Maribor"unun idman direktoru Zlatko Zahoviç Avropa Liqasının "pley-off" mərhələsində qarşılaşacaqları "Qəbələ" barədə danışarkən deyib.

Bakıda "qırmızı-qaralar"ın Bakı "İnter"i ilə keçirdiyi Azərbaycan Premyer Liqasının II tur matçını izləyən məşhur mütəxəssis matç haqda təəssüratlarını bölüşüb: "Qəbələ"nin yaxşı futbolçuları var. Xüsusən, mərkəz yarımmüdafiəçisi Filip Ozobiçi qeyd edərdim. Biz bu matça çox ciddi hazırlaşacağıq".

"Maribor" rəsmisi cütdə kimin favorit olduğunu deməkdə çətinlik çəkib: "Çünki müasir futbol indi fərqlidir. Ötən il Avropa Liqasının qrupunda oynayan "Qəbələ" "pley-off"adək irəliləməklə yenidən bu nailiyyətini təkrarlamağa yaxındır. Taktiki cəhətdən çox savadlı komandadır".

Zahoviç "Qəbələ"nin III təsnifat mərhələsində Fransanın "Lill" klubunu mübarizədən kənarlaşdırmasını sürpriz saymayıb: "İndi futbolda sürprizlər haqda danışmaq çox çətindir. Çünki hamı futbol oynaya bilir. Hamının yaxşı fiziki, taktiki hazırlığı var".

Sloveniyalı qonaq Bakıdakı isti hava şəraitindən çəkinmədiklərini də açıqlayıb: "Bu, "Maribor"a problem olmayacaq. Bizə problemi hava yox, "Qəbələ" yarada bilər. Oyunun keçiriləcəyi stadiona gəlincə, çox xoş arenadır, bəyəndim. Fikrimcə, maraqlı matç olacaq. Hər iki komandaya bir-birinə qarşı oynamaq asan olmayacaq".

Qeyd edək ki, "Qəbələ" ilə "Maribor" arasında ilk oyun avqustun 18-də "Dalğa Arena"da olacaq.

Son xəbərlər

Orphus sistemi