Maksim Medvedev: "Komandada çempionluq ab-havası hiss olunmur"

Maksim Medvedev: "Komandada çempionluq ab-havası hiss olunmur" Azərbaycan Premyer Liqasının XX turunda Keşlə üzərində 2:0 hesablı qələbə qazandıqları görüşdən sonra Qarabağın futbolçusu Maksim Medvedev brifinq keçirib. Reportun məlumatına görə, təcrübəli müdafiəçi öncə matçı dəyərləndirib:
Futbol
265
8 Mart , 2020 21:27
Maksim Medvedev: Komandada çempionluq ab-havası hiss olunmur

Azərbaycan Premyer Liqasının XX turunda "Keşlə" üzərində 2:0 hesablı qələbə qazandıqları görüşdən sonra "Qarabağ"ın futbolçusu Maksim Medvedev brifinq keçirib. "Report"un məlumatına görə, təcrübəli müdafiəçi öncə matçı dəyərləndirib:

- Üstün oynasaq da, komanda çox güc sərf etdi. Süni örtüklü meydanda oynamaq bizim üçün problemdir. Çünki, belə meydanda iki dəfə çox güc sərf edirik. Ancaq yenə də mübarizə aparırdıq. Hücumlar etdik, iki yaxşı qol vurduq. Qalib gəlmək istəyirdik və bunu bacardıq. Yolumuza davam etməliyik.

- “Neftçi”ni 8 xal qabaqlayırsınız. Sona 8 tur qalmış komandada çempionluq ab-havası hiss edilir?

- Qətiyyən! Hər oyuna fərqli sistemlə hazırlaşırıq. Fərqli məşqlər keçirik. Yalnız özümüzü düşünməliyik. Hər oyunda qalib gəlməliyik. Demək istədiyim odur ki, hər şey öz əlimizdədir.

- İkinci hissədə mövqeyinizi dəyişdiniz. Bu, nəyə görə baş verdi?

- Bunu baş məşqçidən soruşsanız, daha yaxşı olar. Son oyunların axırıncı dəqiqələrində cinahımı dəyişirəm. Ola bilsin ki, baş məşqçinin dəyişiklik fikirləri var.

- Sol cinahda özünüzü necə hiss edirsiniz?

- Sola keçəndə məndən irəli getməyi tələb etmirlər. Bu baş verəndə üçlü müdafiə ilə oynayırıq. Oyunlarda belə sistem dəyişiklikləri olur.

- Milli komandanın yeni baş məşqçisi məlum deyil. Yeni çalışdırıcının yerli, yoxsa əcnəbi olmağını istəyirsiniz?

- Mənim üçün bu mövzuda danışmaq doğru olmaz. Futbolçuyam, meydana çıxıb, işimi görəcəyəm. Sabah yerli və ya əcnəbi məşqçi gəlsə, hörmətlə yanaşıb, məşqlərimizi edəcəyik, oyunlara çıxacağıq.

- Rəşad Sadıqovun da adı milli ilə hallanır. Onun yığmanı çalışdıracağı sizə inandırıcı gəlir?

- Rəşad hələ futbolçudur, komanda yoldaşımdır. Onunla münasibətim yaxşıdır. Nəsə demək istəmirəm. Çox şey danışırlar. Ancaq bunlar yalnız müzakirələrdir. Reallıq olsa, danışmaq olar.

- Millətlər Liqasında Azərbaycan yığması Kipr, Lüksemburq və Monteneqro ilə bir qrupa düşdü. Püşklə bağlı nə deyəcəksiniz?

- Yaxşı rəqiblər düşdü. Bizi çətin oyunlar gözləyir. Biri deyir, zəif qrupdur, digəri ötən turnirdəki qrupun yaxşı olduğunu söyləyir. İndi ancaq danışmaq olar. Qarşılaşmalardan sonra biləcəyik ki, rəqiblər hansı gücdədir.

Son xəbərlər

Orphus sistemi