Maksim Medvedev: "Aqollinin fikrincə, "Kukesi" "Şerif"i çətin keçsin"

Maksim Medvedev: "Aqollinin fikrincə, "Kukesi" "Şerif"i çətin keçsin" "Özü də başa düşür, kənardan da görünür ki, hansı komanda daha üstün oyun sərgiləyir"
Futbol
19 İyul , 2017 05:59
Maksim Medvedev: Aqollinin fikrincə, Kukesi Şerifi çətin keçsin

Bakı. 19 iyul. REPORT.AZ/ "Qarabağ"ın futbolçusu Maksim Medvedev Gürcüstanda "Samtredia"nı 1:0 hesabı ilə yendikləri Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab görüşündən sonra brifinq keçirib.

"Report"un məlumatına görə, Rəşad Sadıqovun yoxluğunda kapitan sarğısını daşımış müdafiəçi Tbilisiyə ezam olunmuş jurnalistlərin suallarını cavablandırıb.

Oyun barədə nə deyə bilərsiniz?

- Bu, ən ağır oyunlarımdan biri idi. İsti havada matçın bu dərədə çətin keçəcəyini düşünmürdük. Dünən məşq edərkən, hava sərin idi. Bu gün isə hava bizi boğurdu. Ona görə də bəzi şeylər alınmırdı. Qaçanda tez yorulur, bir-birimizə kömək edə bilmirdik. Oyunumuzda çatışmazlıqlar var idi. Amma kollektiv kimi necə mehriban olduğumuzu göstərməyə çalışdıq. Hücumlarımız alınmasa da, oynayır, təhlükəli vəziyyətlər yaradırdıq. Bunun nəticəsidir ki, 1:0 hesabı ilə qalib gələ bildik.

İkinci hissənin ortalarına yaxın müdafiədə sanki arxayınlıq hiss olunurdu. Sanki rəqibi boş buraxırdınız?

- Boş buraxmırdıq. Sadəcə, dediyim kimi, bütün 4 müdafiəçi və Qara Qarayev 90 dəqiqə oynadıq. Son 10 dəqiqədə güc tam qurtarmışdı. Açıq futbol gedirdi. İrəlidəki oyunçular arxaya az kömək edirdilər. Hamı qol vurmağa çalışırdı. Həm də rəqib baş məşqçi hücum xəttindəki oyunçuları dəyişir, meydana təzə futbolçular buraxırdı. Bu da bizə bir az problem yaradırdı. Amma istənilən halda qapımızı yenə toxunulmaz saxladıq. Bu da müdafiəçilər üçün böyük hədiyyədir.

Müdafiə xəttində Yakub Jezniçakla anlaşmanız hansı səviyyədədir?

- Yaxşıdır. İnsan kimi də yaxşıdır. Daim bir yerdə oluruq. Çalışırıq ki, kollektivə daha çox uyğunlaşsın, ona mehribançılığımızı göstərək. Özü də çox peşəkar futbolçudur. Məşqlərdə can-başla çalışır. Oyunda da hiss olunur ki, get-gedə komandaya uyğunlaşacaq.

Növbəti mərhələdə hansı komanda ilə qarşılaşmağın sənin üçün fərqi varmı?

- "Şerif" - "Kukesi" cütünün qalibi kim olacaqsa, onunla görüşəcəyik. Belə görünür ki, Moldova çempionları daha iddialıdır. Çünki ilk görüşdə 1:0 hesablı qələbə qazanıb. Oyunun necə keçməsindən də müəyyən qədər məlumatlıyıq. "Şerif"lə qarşılaşacağımız daha inandırıcıdır.

Hər halda "Kukesi" ilə də qarşılaşma ehtimalı var. Bu baxımdan, Ansi Aqolli sizə bu rəqib barədə danışıbmı?

- Əlbəttə. Ansi ilə bir otaqda qalıram. Oyunun necə keçdiyini soruşmuşam. O da matça baxdıqdan sonra "Şerif"in daha üstün keyfiyyətlərə malik komanda olduğunu deyib. Aqollinin fikrincə, "Kukesi"nin "Şerif"i keçməsi çətin olar.

Yəni, o da həmyerlilərinin qələbəsini gözləmir...

- Bəli. Özü də başa düşür, kənardan da görünür ki, hansı komanda daha üstün oyun sərgiləyir.

Son xəbərlər

Orphus sistemi