Mahmud Qurbanov: "Norveç yığması ilə görüşdə hücum futbolu oynayacağıq" - MÜSAHİBƏ

Mahmud Qurbanov: "Norveç yığması ilə görüşdə hücum futbolu oynayacağıq" - MÜSAHİBƏ Azərbaycan milli komandasının baş məşqçisi Türkiyədəki legionerlərin zədələnmə ehtimalından narahatdır
Futbol
4 Noyabr , 2014 11:03
Mahmud Qurbanov: Norveç yığması ilə görüşdə hücum futbolu oynayacağıq - MÜSAHİBƏ

Bakı. 4 noyabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Mahmud Qurbanovun "Report"a müsahibəsi:

- Milli komandanın heyətini seçərkən hansı meyarlara diqqət etdiniz?

- Norveçlə oyun seçmə mərhələ qarşılaşması olduğundan, heyəti seçərkən eksperiment aparmağın doğru olmayacağını düşündük. Həm də mən bu komandanı bir oyunda baş məşqçi kimi meydana buraxacağam. Bir oyuna görə isə ciddi dəyişikliklər etməyə ehtiyac duymadım. Dəvət etdiyim futbolçuların əksəriyyəti yığmada çıxış edənlərdir.

- Əvvəlcədən geniş tərkibli heyət açıqlayacağınızı demişdiniz. Fikrinizi dəyişməyinizə nə səbəb oldu?

- Həqiqətən də belə bir planımız var idi. Lakin sonradan düşündük ki, bu addımı yoxlama görüşü zamanı atmaq daha doğru olar. Norveçlə görüşdə futbolçuları yoxlamaq yox, qələbə qazanmaq, yaxşı nəticə əldə etmək lazımdır. Yoxlama görüşü olsaydı, hər mövqe üçün 3-4 oyunçu çağırıb, son durumlarını yoxlayar, kimin hansı mövqedə rəqabətə davamlı olduğunu araşdırardıq. Ancaq indi ili uğurlu nəticə ilə tamamlamaq hər şeydən vacibdir.

- Rəşad Sadiqov, Nurlan Novruzov, Elnur Abdullayev və Cavid Tağıyev kimi futbolçuların yığmaya çağırılmaması bir qədər təəccüblə qarşılandı. Onların kənarda qalmalarının səbəbi nədir?

- Axı, mən Premyer Liqada özünü göstərən, forma yığmaqda olan hər futbolçuya dəvət göndərə bilmərəm. Hesab edirəm ki, yaxşı formada olan futbolçuların hamısını milliyə cəlb etmişik. Ancaq bu, o anlama gəlməməlidir ki, adlarını çəkdiyiniz futbolçular yığmaya bir daha çağırılmayacaqlar. Yəqin ki, yeni gələcək baş məşqçi həm onları, həm də digərlərini daim diqqət mərkəzində saxlayar, seleksiya xarakterli toplanışlarda oyunçuları yoxlayar.

- "Qarabağ"ın futbolçuları və Türkiyədə çıxış edən milli üzvləri düşərgəyə gec qoşulacaqlar. Bunun hazırlığınıza nə kimi mənfi təsiri ola bilər?

- Onların hər biri rəsmi oyun keçirdikdən sonra bizə qoşulacaq. Yəni, oyun praktikaları yerində olacaq. Məni yalnız futbolçularımızın zədələnmə ehtimalı narahat edir. Çünki Türkiyədəki legionerlərimiz həftəsonu çempionat oyunu keçirəcəklər. Ümid edirəm ki, həm onlar, həm də "Qarabağ"dakı milli üzvləri zədə almadan düşərgəmizə qoşularlar.

- Norveçlə oyunda hansı oyun üslubundan istifadə edəcəksiniz?

- Hədəfimiz bu qarşılaşmadan qələbə ilə ayrılıb, uğursuzluğa son qoymaqdır. Həm bu səbəbdən, həm də doğma azarkeşlərimiz önündə oynayacağımızdan, hücum futbolu sərgiləyəcəyik.

Son xəbərlər

Orphus sistemi