Mahmud Qurbanov: "İddiasız klubda işləmək istəmərəm"

Mahmud Qurbanov: "İddiasız klubda işləmək istəmərəm" "Səbail"in yeni baş məşqçisi Mahmud Qurbanovun "Report"a müsahibəsi
Futbol
27 May , 2022 17:36
Mahmud Qurbanov: İddiasız klubda işləmək istəmərəm

"Səbail"in yeni baş məşqçisi Mahmud Qurbanovun "Report"a müsahibəsi

- Əvvəlcə təyinatınızla bağlı təəssüratlarınızı bilmək maraqlı olardı...

- Təklif gəldi, klub rəhbərliyi ilə görüşüb danışdıq. Hər iki tərəf öz fikrini bildirdi. Fikirlər üst-üstə düşdüyü üçün razılığa gəldik.

- Yəqin ki, görüş zamanı klubun növbəti mövsümdəki büdcəsi də müzakirə olunub. Bir müddətdir mətbuatda "dənizçilər"ə ayrılan maliyyənin artırılacağı barədə xəbərlər dolaşır. Bu, nə dərəcədə realdır?

- Düzdür, mən Premyer Liqa təmsilçisinə "Neftçi"nin əvəzedici komandasından gəlmişəm. Amma mən də iddiasız klubda işləmək istəmərəm. Daha əvvəl "Kəpəz"in baş məşqçisi kimi elitada işləmişəm. Öz işimi ortaya qoymaq istəyirəm. Bunun üçün isə maliyyə lazımdır. Büdcə az olsa, çətinlik yaşanacaq. Klub rəhbərliyi ilə bunu da müzakirə etdik. Dəstək olacaqlarını bildirdilər. Büdcə əvvəlki mövsümdən fərqlənəcək. Komandanın qurulması isə bizim öhdəliyimizə düşür.

- Qarşınıza hansı vəzifə qoyulub?

- İlk növbədə, yaxşı kollektiv formalaşdırmalıyıq. Bundan sonra mümkün olduğu qədər yüksək yerlər tutmağa çalışacağıq. İlk mövsüm üçün qarşıma avrokuboklara vəsiqə vəzifəsi qoyulmayıb. Amma əlimizdən gələni edəcəyik.

- Köməkçiləriniz kimlər olacaq?

- Tofiq Mustafayev, Zaur Ramazanov və Elşən Poladovun mənimlə işləyəcəkləri dəqiqdir.

- Hazırkı heyətdən kimləri komandada saxlamaq istəyirsiniz?

- Demək olar ki, heç kimi. Çoxunun müqaviləsi başa çatıb. Legionerlərin hamısı göndərilib. Onların əvəzinə yeni əcnəbi oyunçular cəlb olunacaq. Yerlilərdən isə bəziləri ilə danışıqlar gedir. Onları saxlamaq istəyirik.

- "Səbail"in kapitanı Rahid Əmirquliyevə yeni müqavilə təklif olunub?

- Rahid bizim kapitanımız, sözü keçən oyunçulardandır. Onunla yeni müqavilə bağlamaqda maraqlıyıq. Danışıqlar davam edir.

- Özünüzü Premyer Liqada işləməyə hazır sayırsınız?

- Mən futbolun içindən çıxmış insanam. Başqa sahədən gəlməmişəm ki, burada çalışmaq ağır olsun. Yığmada köməkçi məşqçi, "Kəpəz" və "Neftçi-2"də baş məşqçi işləmişəm. Təcrübəm var. Bu işi sevə-sevə görürəm.

Son xəbərlər

Orphus sistemi