Mahir Mədətov: "O əhvalatı Qriqorçukun icazəsi ilə danışmışam"

Mahir Mədətov: "O əhvalatı Qriqorçukun icazəsi ilə danışmışam" "Burada üzr istəməli bir şey görmürəm"
Futbol
4 Yanvar , 2018 18:20
Mahir Mədətov: O əhvalatı Qriqorçukun icazəsi ilə danışmışam

Bakı. 4 yanvar. REPORT.AZ/ "Millinin düşərgəsində olduğumuz vaxt hər bir baş məşqçini müzakirə edirik. Roman Qriqorçuk da bəyəndiyimiz mütəxəssislərdəndir və ona xüsusi rəğbətlə yanaşırıq. Sərt görünsə də, arabir belə zarafatlar etməsi bizim üçün xoşdur. "CBC Sport"un efirində danışdığım əhvalat həqiqətdir".

Bunu "Report"a açıqlamasında "Qarabağ"ın və Azərbaycan milli komandasının futbolçusu Mahir Mədətov "Qəbələ"nin bəyanatına münasibət bildirərkən deyib. O bildirib ki, "CBC Sport"da yayımlanan "Qış nağılı"nda "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk barədə əhvalatı danışmazdan əvvəl həmin verilişdə olan ukraynalı mütəxəssisin özündən icazə alıb: "Bu əhvalat yadıma düşəndə danışmaq istəmədim. Çünki Qriqorçuk da kameranın arxasında idi. Düşündüm ki, eyib olar. Aparıcılar yaxınlaşaraq Qriqorçukdan icazə aldılar. Sonra biz də baş məşqçiyə yaxınlaşdıq və onunla qucaqlaşıb görüşdük. "Qəbələ"nin baş məşqçisi ilə münasibətim çox yaxşıdır. Qurban Qurbanov qədər ona da hörmətim var. Yəni Qriqorçukdan da icazə alındı. Bu hadisəni danışdığım vaxt o, ağzını əli tutaraq çölə çıxdı ki, gülüş səsi kameraya, efirə düşməsin. Özü də bu əhvalatı müsbət qarşıladı və güldü".

Mədətov "Qəbələ"nin üzrxahlıq tələbinə isə belə reaksiya verib: "Üzr istəməyin özü də böyüklükdür. Amma mən heç kimi təhqir etməmişəm, pisləməmişəm. Əksinə, müsbət fikir səsləndirmişəm. Burada üzr istəməli bir şey görmürəm. "Qəbələ"yə böyük hörmətim var. Neçə illərdir bu klubla rəqabət aparırıq. Burada ən önəmlisi odur ki, Qriqorçukun özünün icazəsi olub. Bu açıqlamaya görə Qurban Qurbanovun məni cəzalandıracağını düşünmürəm. Çünki cəzaya səbəb olacaq bir şey yoxdur".

Qeyd edək ki, "Qəbələ" klubu bu gün yaydığı bəyanatda Mahir Mədətovun çıxışını peşəkar idmançıya yaraşmayan, məsuliyyətsiz, qeyri-etik addım kimi dəyərləndirib, uydurma əhvalatın ictimailəşdirilməsini və uğursuz gülüş obyektinə çevirmək istəyini qınayıb. Klub hesab edir ki, belə şüursuz açıqlamalar, baş məşqçi Roman Qriqorçukun məsxərəyə qoyulması, onun və "Qəbələ"nin imicinə xələl gətirməklə yanaşı, ictimaiyyətdə yanlış fikir formalaşdırmağa xidmət edir. Bütün bunları nəzərə alan klub “Qarabağ” rəhbərliyinin futbolçu haqqında ölçü götürməsini, Mədətovun etdiyi hörmətsizliyə görə “Qəbələ” və Roman Qriqorçukdan üzr istəməsini gözləyir.

Son xəbərlər

Orphus sistemi