"Liverpul" "Barselona"nı mübarizədən kənarlaşdırmaqla bir neçə göstəricini yeniləyib

"Liverpul" "Barselona"nı mübarizədən kənarlaşdırmaqla bir neçə göstəricini yeniləyib İngiltərə Liverpulunun futbol üzrə Çempionlar Liqasının (ÇL) yarımfinal mərhələsinin cavab görüşündə İspaniya Barselonasını 4:0 hesabı ilə məğlub etdiyi görüş bəzi statistik göstəricilərlə əlamətdar olub.
Futbol
8 May , 2019 12:25
Liverpul Barselonanı mübarizədən kənarlaşdırmaqla bir neçə göstəricini yeniləyib

İngiltərə "Liverpul"unun futbol üzrə Çempionlar Liqasının (ÇL) yarımfinal mərhələsinin cavab görüşündə İspaniya "Barselona"sını 4:0 hesabı ilə məğlub etdiyi görüş bəzi statistik göstəricilərlə əlamətdar olub.

"Report"un məlumatına görə, "mersisaydlılar" bu nəticə ilə ÇL-də 9-cu dəfə finala çıxmağı bacarıb. Buna qədər isə cəmi 3 komanda 9 və daha çox finalda iştirak etmişdi. Bunlar "Real Madrid" (16), "Milan" (11), "Bavariya"(10) və "Yuventus"(9) idi. "Liverpul" eyni zamanda "Mançester Yunayted"in 2008 və 2009-cu illərdə ardıcıl 2 dəfə finala çıxma rekordunu da təkrarlayıb.

"Liverpul" həmçinin yarımfinal mərhələsinin ilk oyununda böyük hesabla məğlub olmasına baxmayaraq, finala yüksəlməyi bacaran 3-cü klub olub. İndiyə qədər bunu "Barselona" (1985/1986) və "Panatinaikos" (1970/1971) edə bilmişdi. "Barselona" İsveçdə "Göteborq"a 0:3 hesablı məğlubiyyətin əvəzini cavab görüşündə çıxmış və penaltilər seriyası ilə qalib gəlmişdi. "Panatinaikos" isə Serbiyada "Srvena Zvezda"ya birinci matçda 1:4 hesabı ilə uduzub, cavab görüşündə öz meydanında 3:0 hesablı qələbə qazanaraq finala adlamışdı.

"Liverpul" eyni zamanda pley-off mərhələsində ilk matçda azı 3 qol buraxıb növbəti mərhələyə yüksələn dördüncü komanda olub. Bundan əvvəl 2004-cü ildə İspaniya "Deportivo"su ilk matçda İtaliya "Milan"ına 1:4 hesabı ilə məğlub olsa da, evdə 4:0 hesabı ilə qalib gəlmişdi. 2017-ci ildə "Barselona" Fransada PSJ ilə qarşılaşmadakı 0:4 hesablı məğlubiyyətin üzüntüsünü doğma meydanında 6:1 hesablı qələbə ilə aradan qaldırmışdı. 2018-ci ildə İtaliya "Roma"sı səfərdə "Barselona"ya 1:4 məlub olsa da, doğma meydanda 3:0-lıq qələbə ilə yarımfinala yüksəlmişdi. 

Dünənki qarşılaşmada Corcino Veynaldum da ilkə imza atıb. Fasilədən sonra meydana daxil olan yarımmüdafiəçi 54 və 56-cı dəqiqələrdə "dubl" edib. Hollandiyalı oyunçu yarımfinal mərhələlərində əvəzləmədən sonra 2 qol vuran ilk futbolçu kimi ÇL tarixinə düşüb. 28 yaşlı yarımmüdafiəçi eyni zamanda yarımfinal mərhələsində "dubl" etməyi bacaran ikinci hollandiyalı futbolçu olub. Bunu ilk dəfə 2005-ci ildə Hollandiya PSV-sində ikən Filip Koku "Milan"la görüşdə etmişdi. Həmin qarşılaşmada PSV 3:1 hesabı ilə qalib gəlmişdi.

"Barselona" klubu da qapısında 4 top görməklə uğursuz göstəricisinə daha birini əlavə edib. Kataloniya təmsilçisi ÇL tarixində 5-ci dəfə bir matçda qapısında 4 top görüb. Bundan əvvəl "Barselona" 2016/2017 mövsümündə ÇL-in 1/8 finalında səfərdə PSJ-yə, 2012/2013 mövsümündə isə ÇL-in 1/2 finalında "Bavariya"ya 0:4, 2004/2005 mövsümündə 1/8 finalda səfərdə "Çelsi"yə 2:4, 1997-ci ildə qrup mərhələsində Kiyev "Dinamo"suna 0:4 hesabı ilə məğlub olmuşdu. "Barselona" ilk dəfə ÇL-də "Liverpul" səfərində məğlubiyyətlə üzləşib.

Mötəbər yarışın finalı 6 ildən sonra ilk dəfə Lionel Messi və Kriştianu Ronaldu olmadan keçiriləcək. Sonuncu dəfə belə hal 2013-cü ildə baş vermişdi. Həmin il finalda Almaniyanın "Bavariya" və "Borussiya" (Dortmund) komandaları mübarizə aparmışdı.

Manaf Qasımbəyli

Son xəbərlər

Orphus sistemi