Laurentsiu Regekampf: "Biz kuboku götürəcəyik"

Laurentsiu Regekampf: "Biz kuboku götürəcəyik" “İstilik 120 dərəcəyə qalxır, bu cür hissiyyatı sevirəm”.
Futbol
26 Aprel , 2023 22:32
Laurentsiu Regekampf: Biz kuboku götürəcəyik

“İstilik 120 dərəcəyə qalxır, bu cür hissiyyatı sevirəm. Biz kuboku götürəcəyik”.

“Report”un məlumatına görə, bunu “Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf “Turan Tovuz”a 2:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab oyunundan sonra mətbuat konfransında deyib.

İlk görüşdə Tovuzda 0:1 hesabı ilə məğlub olan “ağ-qaralar” "Bakcell Arena"da son dəqiqə qolları sayəsində finala yüksəlib.

Komandasının çıxışını dəyərləndirən rumıniyalı mütəxəssis ilk dəqiqədən sona kimi futbol oynamağa çalışdıqlarını bildirib: "Bütün komponentlərdə rəqibi üstələdik. Yarımfinal idi, uduza da bilərdik. Çünki son 3-4 oyunda bəxt bizdən üz döndərib. Kubok oyunları hər zaman fərqli olur. Final matçını doğma arenada keçirəcəyimiz üçün sevinirik. Kuboku qazanmaq üçün hər şeyi edəcəyik”.

O, rəqibin müdafiədə oturmasının komandasına çətinlik yaratdığını vurğulayıb: “Rəqib 6 futbolçu ilə müdafiə olunur, hər epizodda vaxt aparır, topu kənara vururdu. Belə məqamda başqa nə taktika düşünə bilərəm? İki dəfə top tirə dəydi. Bir az bəxtsizliklə üzləşdik. Cinah oyunçularını dəyişdik ki, kənarlardan rəqibin müdafiə xəttini yaraq. Bu gün hər bir futbolçumuz bacarığını göstərməyə çalışdı".

Rumıniyalı mütəxəssis sayılmayan erkən qolda hakimin səhvə yol verdiyini düşünür: “Kəpəz”lə matçda vurduğumuz qol epizodunda xətti fərqli çəkmişdilər. Bu gün də sayılmayan ilk qolda ofsayd olmadığını düşünürəm. Ömər Buludovun epizoduna cərimə zərbəsi təyin olunursa, Tovuzda Saldanyaya qarşı kobudluqlara görə niyə fit çalınmırdı?"

Regekampfın fikrincə, avrokubok barədə danışmaq hələ tezdir: "Çünki finalda oynamalıyıq. Bəzi oyunçularımız zədəlidir. Azər Əliyev, Ataa Caber yüz faiz hazır deyillər. Bütün diqqəti kubokun finalına və çempionat matçlarına yönəldəcəyik. Mövsüm bitdikdən sonra qarşıdakı planlar barədə danışacağıq. Komandanı daha da gücləndirmək istəyirik".

Baş məşqçi hücumçu Yeqor Boqomolskiyə bundan sonra daha çox şans verəcəyini söyləyib: “Gəncdir, ilk dəqiqələrdən meydanda olanda 10 km qaçır. Ona qarşı oynamaq çətindir, həmişə hərəkətdədir. Oyundan-oyuna daha yaxşı olacağına əminəm. Həm ona, həm də Saldanyaya bu rəqabət lazımdır. Saldanya istədiyimizi etmədikdə dərhal Yeqora şans veriləcək. Ümid edirəm ki, növbəti mövsüm ehtiyat skamyamızda da güclü oyunçular olacaq. Bəzən məşqə əvəzedici heyətdən 6-7 oyunçu cəlb edirik ki, say normal olsun. Belədə də inkişaf ləng gedir. Daha güclü olmaq üçün daha çox rəqabət olmalıdır. İstədiyimiz səviyyədə oynamayan futbolçu yanımda oturacaq”.

O, ölkə kubokunu qazanacaqlarına inandığını dilə gətirib: "Səbail” və “Qəbələ” fərqli komandalardır, müqayisə edə bilmərik. Rəqibin səndən zəif olduğunu düşünsən, məğlub olacaqsan. Finalı evdə oynayacağıq. Bir oyundan ibarət olacaq, hazır olmalıyıq. Finalda uduzmaq çox üzücüdür. Ağlımdan bu keçmir”.

Regekampfın sözlərinə görə, “Neftçi”yə qələbə çox yaxşı təsir edir, komandada atmosfer yüksək olur: "Qarabağ”la mövsümün son oyununda qələbə qazanmağa çalışacağıq. Ümid edirəm ki, komandanı istənilən səviyyəyə gətirə biləcəyəm. Mübarizə, əsl döyüş olacaq. Hər iki komanda yaxşı oyunçularla meydana çıxacaq. Kim günündə olacaqsa, o da qalib gələcək".

Son xəbərlər

Orphus sistemi