Bakı. 2 oktyabr. REPORT.AZ/ Las-Veqasın Polis Departamenti bildirib ki, sentyabrda "Yuventus"un portuqaliyalı hücumçusu Kriştian Ronaldunun zorlama işi ilə bağlı təhqiqatı yeniləyib.
"Report" xəbər verir ki, bu barədə BBC-nin müxbiri Den Roan özünün "Twitter" səhifəsində məlumat yayıb.
Belə ki, jurnalist polisin həmin hadisə ilə bağlı rəsmi məlumatını yayımlayıb. "2009-cu ilin 13 iyununda Las-Veqasın Polis Departamentinə seksual zorakılıq barədə zəng daxil olub. Zorakılığın qurbanı olmuş qadın hadisənin baş verdiyi yer və şübhəli şəxsin əlamətləri barədə məlumat verməyib. Lakin tibbi baxış keçirilib. 2018-ci ilin sentyabrında iş yenidən açılıb. Bizim detektivlər zorakılığa məruz qalmış şəxsdən informasiya alırlar. Araşdırma aparılır və onun təfsilatı indi açıqlanmayacaq" – deyə məlumatda bildirilir.
Daha əvvəl Almaniyanin "Spiegel" jurnalı da bildirib ki, hadisə 2009-cu ildə ABŞ-ın Las-Veqas şəhərində Ronaldu və Ketrin Mayorqi arasında baş verib. Sonradan futbolçu qıza 375 min dollar ödəyib ki, bu barədə ətraflı danışmasın. Mayorqinin hüquqşünasları bildirirlər ki, futbolçu zorlama faktını inkar edir.
O da məlumdur ki, portuqaliyalı alman nəşrini məhkəməyə vermək niyyətindədir. Ronaldunun vəkili Kristian Şerç şəxsi həyat sahəsində şübhəli məlumatların yayılmasının yolverilməz olduğunu bildirib. O, qeyd edib ki, müştərisinin hüquqlarının müdafiəsinə nail olacaq.