Kosovo yığmasının baş məşqçisi: "Azərbaycanla oyundan razı qalmadım"

Kosovo yığmasının baş məşqçisi: "Azərbaycanla oyundan razı qalmadım" Bernar Şalland: "Farer adaları ilə görüşdə hücum futbolu sərgiləyəcəyik"
Futbol
10 Sentyabr , 2018 09:57
Kosovo yığmasının baş məşqçisi: Azərbaycanla oyundan razı qalmadım

Bakı. 10 sentyabr. REPORT.AZ/ "Azərbaycana qarşı keçirdiyimiz oyundan o qədər də razı qalmadım. İlk tur matçımızdan əvvəl bu komandanın qrupun favoriti olduğunu deyirdim. Amma biz Farer adaları yığmasının Maltaya qalib gəldiyi görüşdə təkcə nəticə üçün yaxşı çalışmadığını gördük. Oyuna baxıb analiz etdikdə adalıların da Kosovo və Azərbaycan kimi qrupun mümkün qalibi olacağını gördüm. Rəqibə hörmətlə yanaşıram, amma evdə əla şou gözləyirəm".

"Report" xəbər verir ki, bunu Kosovo millisinin baş məşqçisi Bernar Şalland evdə Farer adaları ilə keçirəcəkləri UEFA Millətlər Liqasının II tur matçından əvvəl mətbuat konfransında deyib.

67 yaşlı mütəxəsis qarşıdakı görüşdə hücum futbolu sərgiləyəcəklərini açıqlayıb. Lakin o, müdafiəni də yaddan çıxarmamalarının gərəkliyini də vurğulayıb: "İnsanlar deyirlər ki, biz qrupun ən yaxşı komandasıyıq və bütün oyunlarımızdan qalib ayrılmalıyıq. Baş məşqçi kimi Farer adaları ilə görüşdə hədəfimizin yalnız qələbə olduğunu deyə bilmərəm. Bir neçə dəfə bildirmişəm ki, biz gənc oyunçulardan təşkil olunmuş komandayıq. Meydana çıxıb yaxşı oyun göstərərək, qalib gəlmək istəyirik. Təkcə hücumda deyil, müdafiədə də sabit oyun sərgiləməliyik. Azərbaycanla oyunda topla hücum futbolu oynamağımızdan narazı qalmısınız. Lakin yalnız hücum etmək - müasir futbol demək deyil. Farer adalarının elə də yaxşı komanda olmadığını düşünürsünüzsə, son iki ildəki nəticələrinə baxın. Bu, o deməkdir ki, bizə asan olmayacaq. Oyunçularım görüşə tam hazırdır. Son məşqdə onlardan maksimum güclə oynamalarını xahiş edəcəyəm. Amma futbolçulara doğma meydanda oynadığımız üçün mütləq qələbə qazanmalı olduqlarını deməyəcəyəm".

Azərbaycanla oyunda çoxlu top itkisinə yol verdiklərini deyən Şalland Farer adaları ilə qarşılaşmada topu özlərində daha çox saxlamalarının gərəkliyini söyləyib. O, Bakıdakı qarşılaşmada uzun ötürmələrlə oynamalarının düzgün olmadığını vurğulayıb: "İndi biz ilk dəqiqələrdən hərəkətli oynamalıyıq. Ötürmələrlə oynamaq bizim oyun üslubumuz deyil".  

Qeyd edək ki, bu gün Priştinadakı "Fadil Vokkri" stadionunda keçiriləcək Kosovo - Farer adaları oyunu Bakı vaxtı ilə saat 22:45-də başlanacaq. Balkanlılar Millətlər Liqasının ilk turunda Bakıda Azərbaycan yığması ilə heç-heçə edib - 0:0. Farer adaları isə öz meydanında Maltaya 3:1 hesabı ilə qalib gəlib. 

Son xəbərlər

Orphus sistemi