Konfrans Liqası: "Neftçi" və "Qarabağ" cavab oyunlarını keçirəcək

Konfrans Liqası: "Neftçi" və "Qarabağ" cavab oyunlarını keçirəcək Azərbaycanı UEFA Konfrans Liqasında təmsil edən "Neftçi" və "Qarabağ" klubları bu gün pley-off mərhələsində cavab oyunlarını keçirəcəklər.
Futbol
26 Avqust , 2021 07:30
Konfrans Liqası: Neftçi və Qarabağ cavab oyunlarını keçirəcək

Azərbaycanı UEFA Konfrans Liqasında təmsil edən "Neftçi" və "Qarabağ" klubları bu gün pley-off mərhələsində cavab oyunlarını keçirəcəklər.

"Report"un məlumatına görə, "ağ-qaralar" İsraildə Hayfa "Makkabi"sinin, "köhlən atlar" isə Şotlandiyada "Aberdin"in qonağı olacaq.

Bakıdakı ilk qarşılaşmada rəqibi ilə 3:3 hesablı heç-heçə edən flaqman səfərdə qələbə qazanıb, qrupa düşməyə çalışacaq. "Sammi Ofer" stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Matçı Şimali Makedoniyadan olan FIFA referisi Aleksandr Stavrev idarə edəcək. "Neftçi"nin heyətində Mamadu Mboc, Yusuf Laval və İsmayıl Zülfüqarlı cəzalı olduqları üçün meydana çıxmayacaq.

"Qarabağ" isə Bakıda 1:0 hesabı ilə qalib gəldiyi "Aberdin"ə səfərdə ən azı uduzmamaq niyyətindədir. "Pittodri" stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 22:45-də start götürəcək oyunun baş hakimi avstriyalı Harald Lexner olacaq. Ağdam klubunda müdafiəçilər Bədavi Hüseynov, Rahil Məmmədov və Elvin Cəfərquliyev zədə səbəbindən oynamayacaqlar.

UEFA Konfrans Liqası

Pley-off mərhələsi, cavab oyunları

21:00. "Makkabi" (Hayfa, İsrail) - "Neftçi"

Hakimlər: Aleksandr Stavrev, Deyan Kostadinov, Qoçe Peterski, Deyan Yakimovski (Şimali Makedoniya)

Hayfa, "Sammi Ofer" stadionu

İlk oyun - 3:3.

22:45. "Aberdin" (Şotlandiya) - "Qarabağ"

Hakimlər: Harald Lexner, Andreas Haydenrayx, Maksimilian Kolbiç, Yulian Vaynberger (Avstriya)

Aberdin, "Pittodri" stadionu

İlk oyun - 0:1

Son xəbərlər

Orphus sistemi