"Neftçi" avrokuboklarda mübarizəni dayandırıb

"Neftçi" avrokuboklarda mübarizəni dayandırıb İsraildə "Makkabi" (Hayfa) və "Neftçi" komandaları arasında UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunu başlayıb.
Futbol
26 Avqust , 2021 22:53
Neftçi avrokuboklarda mübarizəni dayandırıb

“Neftçi” UEFA Konfrans Liqasının pley-off mərhələsində cavab oyununu keçirib.

"Report"un İsrailə ezam olunmuş əməkdaşının məlumatına görə, “ağ-qaralar” İsraildə Hayfa “Makkabi”si ilə üz-üzə gəlib. Bakıdakı ilk matçda 3:3 hesablı heç-heçə edən flaqman səfərdə rəqibinə böyük hesabla uduzub – 0:4.

“Ağ-qaralar” görüşə ciddi itkilərlə çıxıblar. Komandanın heyətində Yusuf Laval, Mamadu Mboc və İsmayıl Zülfüqarlı cəzalı olduqları üçün oynamayıblar. “Sammi Ofer” stadionunda təqribən 20 min azarkeşin izlədiyi görüş meydan sahiblərinin kəsərli hücumları ilə başlayıb. Artıq ilk dəqiqədə Hayfa təmsilçisi qol vurmağa yaxın olsa da, “Neftçi”nin qapıçısı Aqil Məmmədov gözəl seyvlə rəqibin sevinməsinə imkan verməyib. Bakı klubu “Makkabi”nin qapısı qarşısında ilk təhlükəli vəziyyəti 14-cü dəqiqədə yaradıb. Yaxşı təşkil olunmuş hücumun yekununda Emin Mahmudovun ötürməsinə Sabir Buqrin çata bilməyib. Cəmi 1 dəqiqə sonra “ağ-qaralar”ın qolkiperi növbəti dəfə komandasını real qoldan xilas edib. Lakin 20-ci dəqiqədə hesabın açılmasına Məmmədov da mane ola bilməyib. San Manaçem görüşdəki ilk qolun müəllifi olub. İlk hissənin əsas vaxtına əlavə olunmuş 2-ci dəqiqədə “Neftçi” növbəti topu buraxıb. Meydan sahiblərinin heyətində Ömər Atzili fərqlənib. “Neftçi” fasiləyə 0:2 hesablı məğlubiyyətlə yollanıb.

İkinci hissədə də təzyiqi davam etdirən Hayfa klubu 52-ci dəqiqədə penalti vurmaq hüququ qazanıb. Aqil Məmmədov Dolev Hazizanın vurduğu topu tutsa da, referi penalti zərbəsinin təkrarlanmasını istəyib. Haziza bu dəfə hədəfdən yayınmayıb – 3:0. Az sonra “Neftçi”nin baş məşqçisi Samir Abasovla yerli azarkeşlər arasında insident baş verib. Bu səbəbdən baş hakim 43 yaşlı mütəxəssisə sarı vərəqə göstərib. "Ağ-qaralar"ın ehtiyat oyunçular skamyasında əyləşənlər isə azarkeşlərlə bağlı UEFA nümayəndəsinə şikayət ediblər. “Makkabi”nin təhlükəli hücumlarını dəf etməkdə çətinlik çəkən “Neftçi” 69-cu dəqiqədə 4-cü topu qapısında görüb. Məhəmməd Abu Fani baxımlı qolla qonaqları məyus edib. Flaqman oyun ərzindəki ən real qol vəziyyətini 87-ci dəqiqədə yaxalayıb. Amma Sezar Meza Kolli üzbəüz epizodda topu qapıdan keçirə bilməyib. Beləliklə, səfərdə 0:4 hesabı ilə uduzan “Neftçi” avrokuboklarla vidalaşıb.

22:26

İsraildə "Makkabi" (Hayfa) və "Neftçi" komandaları arasında UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununda növbəti qol vurulub.

"Report"un İsrailə ezam olunmuş əməkdaşının məlumatına görə, Məhəmməd Abu Fani 69-cu dəqiqədə qonaqları 4-cü dəfə meydanın mərkəzinə dəvət edib.

22:10

İsraildə "Makkabi" (Hayfa) və "Neftçi" komandaları arasında UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununda növbəti qol vurulub.

"Report"un İsrailə ezam olunmuş əməkdaşının məlumatına görə, meydan sahiblərinin heyətində Dolev Haziza 52-ci dəqiqədə penaltidən fərqlənməklə, 3-cü topu qonaqların qapısından keçirib.

22:04

İsraildə "Makkabi" (Hayfa) və "Neftçi" komandaları arasında UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununda 2-ci hissə başlayıb.

"Report"un məlumatına görə, birinci yarıdan sonra flaqman hesabda geridədir - 0:2.

21:48

İsraildə "Makkabi" (Hayfa) və "Neftçi" komandaları arasında UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununda ilk hissə başa çatıb.

"Report"un İsrailə ezam olunmuş əməkdaşının məlumatına görə, "ağ-qaralar" fasiləyə məğlub yollanıb - 0:2.

21:45

İsraildə "Makkabi" (Hayfa) və "Neftçi" komandaları arasında UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununda ikinci qol vurulub.

"Report"un İsrailə ezam olunmuş əməkdaşının məlumatına görə, birinci hissənin əsas vaxtına əlavə edilmiş 2-ci dəqiqədə Hayfa təmsilçisinin heyətində Ömər Atzili fərqlənib.

21:20

İsraildə "Makkabi" (Hayfa) və "Neftçi" komandaları arasında UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununda ilk qol vurulub.

"Report"un İsrailə ezam olunmuş əməkdaşının məlumatına görə, 20-ci dəqiqədə meydan sahiblərinin futbolçusu San Menaçem hesabı açıb.

21:00

İsraildə "Makkabi" (Hayfa) və "Neftçi" komandaları arasında UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunu başlayıb.

"Report"un İsrailə ezam olunmuş əməkdaşının məlumatına görə, "Sami Ofer" stadionunda keçirilən qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da start götürüb. Görüşü Şimali Makedoniyadan olan FIFA referisi Aleksandr Stavrev idarə edir.

Qeyd edək ki, Bakıdakı ilk oyunda 3:3 hesablı heç-heçə qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi