Konfrans Liqası: "Qarabağ" pley-offda, "Bazel" 1/8 finala vəsiqə qazanıb

Konfrans Liqası: "Qarabağ" pley-offda, "Bazel" 1/8 finala vəsiqə qazanıb İsveçrədə "Bazel" və "Qarabağ" komandaları arasında UEFA Konfrans Liqasının qrup mərhələsinin VI tur oyunu başlayıb.
Futbol
10 Dekabr , 2021 01:49
Konfrans Liqası: Qarabağ pley-offda, Bazel 1/8 finala vəsiqə qazanıb

"Qarabağ" UEFA Konfrans Liqasının qrup mərhələsində sonuncu oyununu keçirib.

“Report”un məlumatına görə, Qurban Qurbanovun baş məşqçi olduğu kollektiv H qrupundakı altıncı sınağında İsveçrə "Bazel"inin qonağı olub. "Sankt-Yakob Park" stadionunda oynanılan qarşılaşma Ağdam təmsilçisinin 0:3 hesablı məğlubiyyəti ilə başa çatıb.

Görüşə sürətli hücumlarla başlayan “köhlən atlar” 2-ci dəqiqədə hakim haqsızlığı ilə üzləşib. Abdullah Zubirin zərbəsindən sonra top qapı xəttini keçsə də, referi qolu qeydə almayıb. Buna baxmayaraq, ruhdan düşməyən qonaqlar ardıcıl 2 epizodda İbrahima Vadji ilə qola yaxın olublar. Lakin hər iki halda “Bazel”in qapıçısı Haynts Linder seneqallı hücumçunun fərqlənməsinə mane olub. Qolkiper az sonra Patrik Andradenin təhlükəli zərbəsini zərərsizləşdirib. 24-cü dəqiqədə Şahruddin Məhəmmədəliyev rəqibin təhlükəli hücumu zamanı çıxışda səhv yol verib. Amma özünü topa hamıdan tez çatdıran Maksim Medvedev komanda yoldaşını sığortalayıb. 29-cu dəqiqədə isə meydan sahiblərinin hücumçusu Artur Kabralın qol vurmasına Məhəmmədəliyev imkan verməyib. O, braziliyalı forvardla üzbəüz dueldən qalib ayrılıb. Oyunda hesab 33-cü dəqiqədə açılıb. Kabral baş zərbəsi isə “Qarabağ”ı meydanın mərkəzinə dəvət edib. İlk hissədə tərəflər çox çalışsa da, hesab dəyişməyib.

Fasilədən sonra da üstün oyun sərgiləyən ağdamlılar 2 dəqiqə ərzində iki real qol epizodu yaxalasa da, Vadji fürsətləri boşa verib. 53-cü dəqiqədə Məhəmmədəliyev Kabralın dubl etməsinin qarşısını alıb. Lakin “Bazel” cəmi 9 dəqiqə sonra istəyinə çatıb. Bu dəfə Patyim Kasami adını tabloya yazdırıb. 65-ci dəqiqədə Kabralın başla vurduğu top qapı tirinə tuş gəlib. 74-cü dəqiqədə isə 23 yaşlı forvard özünün 2-ci, komandasının 3-cü qoluna imza atıb. Bundan sonra “Qarabağ” ən azından fərqi azaltmaq üçün irəli atılsa da, cəhdlər heç bir nəticə verməyib.

Bununla da xallarını 14-ə çatdıran “Bazel” qrup lideri kimi 1/8 finala vəsiqə qazanıb. 11 xalla 2-ci pillədə qalan “Qarabağ” isə mübarizəni pley-offda davam etdirəcək.

Qeyd edək ki, qrupun digər oyununda Qazaxıstan “Kayrat”ı Kiprdə “Omoniya” ilə qolsuz heç-heçəyə razılaşıb.

01:30

İsveçrədə "Bazel" və "Qarabağ" komandaları arasında UEFA Konfrans Liqasının qrup mərhələsinin VI tur oyununda 3-cü qol vurulub.

"Report"un məlumatına görə, 74-cü dəqiqədə meydan sahiblərinin heyətində Artur Kabral dubl edib.

01:18

İsveçrədə "Bazel" və "Qarabağ" komandaları arasında UEFA Konfrans Liqasının qrup mərhələsinin VI tur oyununda hesab dəyişib.

"Report"un məlumatına görə, meydan sahiblərinin heyətində Paytim Kasami 62-ci dəqiqədə ikinci topu Ağdam təmsilçisinin qapısından keçirib.

01:01

İsveçrədə "Bazel" və "Qarabağ" komandaları arasında UEFA Konfrans Liqasının qrup mərhələsinin VI tur oyununda ikinci hissə başlayıb.

"Report"un məlumatına görə, Ağdam təmsilçisi ilk yarıdan sonra minimal hesabla uduzur. Yeganə qolu 33-cü dəqiqədə Artur Kabral vurub.

00:46

İsveçrədə "Bazel" və "Qarabağ" komandaları arasında UEFA Konfrans Liqasının qrup mərhələsinin VI tur oyununda ilk hissə başa çatıb.

"Report"un məlumatına görə, Ağdam təmsilçisi fasiləyə minimal hesablı məğlubiyyətlə yollanıb. Yeganə qolu 33-cü dəqiqədə Artur Kabral vurub.

00:33

İsveçrədə "Bazel" və "Qarabağ" komandaları arasında UEFA Konfrans Liqasının qrup mərhələsinin VI tur oyununda hesab açılıb.

"Report"un məlumatına görə, 33-cü dəqiqədə Artur Kabral meydan sahiblərini önə keçirib.

00:00

İsveçrədə "Bazel" və "Qarabağ" komandaları arasında UEFA Konfrans Liqasının qrup mərhələsinin VI tur oyunu başlayıb.

"Report"un məlumatına görə, "Sant-Yakop Park" stadionunda keçirilən qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da start götürüb. Görüşü xorvatiyalı FIFA referisi Fran Yoviç idarə edir.

Hər iki kollektiv H qrupunda 11 xala malikdir və pley-offa vəsiqəni təmin edib. Azərbaycan təmsilçisi yalnız qələbə sayəsində qrup lideri ola və 1/8 finala yüksələ bilər.

Son xəbərlər

Orphus sistemi