Klublar Komitəsinin sədri: "Xarici telekanalların təcrübəsindən yararlana bilərik"

Klublar Komitəsinin sədri: "Xarici telekanalların təcrübəsindən yararlana bilərik" Tuyqun Nadirov: "Artıq qərarlar qəbul etməliyik"
Futbol
3 Fevral , 2015 10:59

Bakı. 3 fevral. REPORT.AZ/ AFFA Klublar Komitəsinin bugünkü iclasına Topaz nümayəndəsi, Oyunçuların Statusu və Transferi Komitəsinin sədri Rəmiş Malıyev, eləcə də Lisenziyalaşdırma Qrupunun rəhbəri Elçin Məmmədov dəvət ediləcək. Bu barədə "Report"a Klublar Komitəsinin sədri Tuyqun Nadirov məlumat verib. 

Onun sözlərinə görə, "Hilton" hotelində keçiriləcək tədbir geniş çərçivədə olacaq. Toplantıda Topazın klubların adından istifadə etməsi, Premyer Liqanın yayım məsələsi, futbolçu transferləri və lisenziyalaşdırma məsələləri müzakirə olunacaq: "Topazın klubların adından istifadə etməsi aktual məslələrdəndir. Şirkət nümayəndəsi iclasımızda çıxış edəcək. Yayım hüququ müzakirə ediləcək. Bununla bağlı bizim alternativ təkliflərimiz var. Ola bilər ki, hər hansı xarici telekanalın xidmətindən, təcrübəsindən istifadə edək. Daha doğrusu, xarici telekanalların təcrübəsindən yararlanmağımız mümkündür. Çünki artıq bu mərhələni keçmiş, futbolu daha çox inkişaf etmiş ölkələr var. Biz onların yayım təcrübəsindən yararlana bilərik".

T.Nadirov bildirib ki, azarkeşlərin stadionlara axını istiqamətində də fəaliyyət göstərmələri vacibdir: "Klubların fəaliyyəti nə üçündür? Bu gün hər bir klub istəyir ki, çoxlu sayda azarkeşi olsun. Klublar bunun üçün çalışırlar. İstər yayım, istərsə də digər vasitələrlə futbolun kütlələşməyi, onun təbliğ olunması bizim məqsədimizdir. Klubların istehsal etdiyi futboldur. Çalışırıq ki, azarkeşlərdə daha çox maraq oyadaq. Klubların birgə fəaliyyəti bu işə müsbət təsir edəcək".

Komitə sədri artıq müzakirələrlə kifayətlənmək fikrində olmadıqlarını, qərar qəbul etmə məqamının da yetişdiyini əlavə edib. 

Qeyd edək ki, bu, Klublar Komitəsinin üçüncü iclası olacaq. 

Son xəbərlər

Orphus sistemi