"Qəbələ" rəsmisi: "Gəncə şəhər stadionunda futbol oynanılmaz"

"Qəbələ" rəsmisi: "Gəncə şəhər stadionunda futbol oynanılmaz" "Ən yaxın vaxtlarda orada oyun dayandırılmalıdır"
Futbol
15 Fevral , 2017 14:33
Qəbələ rəsmisi: Gəncə şəhər stadionunda futbol oynanılmaz

Bakı. 15 fevral. REPORT.AZ/ "Kəpəz"in Azərbaycan Premyer Liqasında ev oyunlarını keçirdiyi Gəncə şəhər stadionunda ot örtüyünün hazırkı durumu AFFA Klublar Komitəsinin iclasında müzakirəyə çıxarılıb. 

"Report"un məlumatına görə, bu barədə jurnalistlərə "Qəbələ"nin vitse-prezidenti Fariz Nəcəfov məlumat verib.

O bildirib ki, həmin futbol meydanı bərbad vəziyyətdədir: "Mən "Kəpəz"in "Qarabağ"la oyununu televiziya vasitəsilə izlədim. Gəncə şəhər stadionunun hazırkı durumu hansısa ucqar kənd meydanınkından da betərdir. Orada ümumiyyətlə futbol oynanılmaz. Mən buradan mətbuat vasitəsilə müraciət edirəm. Ona görə yox ki, növbəti iki tur sonra "Kəpəz"lə qarşılaşacağıq. Orada oynayarıq. Amma ən yaxın vaxtlarda o stadionda oyun dayandırılmalıdır. Gəncəli azarkeşlərə böyük hörmətim var. Onlar azərbaycanlı azarkeşlər arasında öncüllərdəndirlər və bəlkə də birincidirlər. Onları futbolsuz qoymaq olmaz. Amma dayandırmaq lazımdır ki, onlar da aidiyyatı təşkilatlardan tələb etsinlər və vəziyyət düzəlsin".

F.Nəcəfovun sözlərinə görə, klub olaraq, or örtüyünün normal vəziyyətə salınmasına hər cür dəstək verməyə hazırdırlar: "Bizim stadionlar üzrə mütəxəssislərimiz çox dəyərli və keyfiyyətli ot örtüyü quraşdırıblar. Mən onların gəlməsinə kömək edə bilərəm. Hansısa formada kömək etməyə hazırıq ki, o cür regionda futbol meydanı olsun. Bu olmayan yerdə futbol yoxdur".

"Qəbələ" rəsmisi təkcə "Kəpəz"in deyil, bir çox klubun stadionunun bərbad vəziyyətdə olduğunu bildirib: "Bu məsələ ötən iclasda "Qəbələ" klubu tərəfindən təklif olunmuş və gündəmə gətirilmişdi ki, aidiyyatı qurumlara müraciət olunsun. Amma çox təəssüf ki, klublarda vəziyyət başqa cürdür. Ona görə aidiyyatı qurumları günahlandırmıram. AFFA klublara yalnız dəstək ola bilər. Klubların stadionları, təkcə "Kəpəz"in deyil, AZAL-ın, "Zirə"nin meydanları da çox bərbad gündədir. Belə yerdə futbol oynanılmaz. İnkişaf burdan başlanır". 

Son xəbərlər

Orphus sistemi