Səlahət Ağayev: "Əsas odur ki, 3 xal qazandıq" - YENİLƏNİB

Səlahət Ağayev: "Əsas odur ki, 3 xal qazandıq" - YENİLƏNİB Bakı. 10 mart. REPORT.AZ/ Oyun çox çətin keçdi. Rəqibin elə də üstünlüyü yox idi. Amma qol vurduqdan sonra onlara inam gəldi. İkinci hissədə istədiyimizi aldıq. Sevinirik ki, 3 xal qazandıq.
Futbol
10 Mart , 2019 20:26
Səlahət Ağayev: Əsas odur ki, 3 xal qazandıq - YENİLƏNİB

Bakı. 10 mart. REPORT.AZ/ "Oyun çox çətin keçdi. Rəqibin elə də üstünlüyü yox idi. Amma qol vurduqdan sonra onlara inam gəldi. İkinci hissədə istədiyimizi aldıq. Sevinirik ki, 3 xal qazandıq".

"Report"un məlumatına görə, bunu "Neftçi"nin qapıçısı Səlahət Ağayev səfərdə "Sumqayıt"a 2:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XX tur matçından sonra jurnalistlərə açıqlamasında deyib.

28 yaşlı qolkiper qapısından buraxdığı qol epizodunda müdafiəçi Mamadu Mbocun səhvini yox, külək amilinin rolunu qabardıb: "Futbolda belə hallar olur. Külək amilini də nəzərə almalıyıq. Mamadu da belə olmasını istəməzdi. Mənə ötürmə vermək istəyirdi, top dayandı. Nəticədə rəqib oyunçu topu ələ keçirərək qol vurdu. Yanlışı da, doğrunu da bütün komanda edir. Əsas odur ki, 3 xal qazandıq".

Ağayev "Neftçi"nin vahid liderə çevrilməsinə baxmayaraq, indidən çempionluq barədə düşünməyin çox tez olduğunu vurğulayıb. O, Premyer Liqada qalan 8 qarşılaşmanın komandası üçün final ovqatında keçəcəyini diqqətə çatdırıb: "Hər bir qarşılaşmaya son oyun kimi çıxmalıyıq. Sonadək gözləyəcəyik".

Flaqmanın qapıçısı Azərbaycan millisinin martın 21-də səfərdə Xorvatiya ilə keçirəcəyi 2020-ci il Avropa çempionatının seçmə matçına və martın 24-də Bakıda Litva ilə yoldaşlıq görüşünə dəvət almasının yeni baş məşqçi Nikola Yurçeviçdən asılı olduğunu açıqlayıb: "Hər bir futbolçu istəyər ki, millidə oynasın. Baş məşqçi Nikola Yurçeviç yenidir. Dəvət göndərsə də, göndərməsə də sağ olsun. Hər şey baş məşqçinin ixtiyarındadır. Qərarına hörmətlə yanaşacağıq".


***19:31

"İlk qolu, demək olar ki, özümüz qapımızdan keçirdik. Rəqibə qol vəziyyəti yaratmaq şansı vermədik. Qol buraxdığımız epizodda axmaq səhv alındı".

"Report" xəbər verir ki, bunu "Neftçi"nin futbolçusu Kirilo Petrov səfərdə "Sumqayıt"a 2:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XX tur matçından sonra jurnalistlərə açıqlamasında deyib. Ukraynalı müdafiəçi layiqli qələbə qazandıqlarını bildirib: "Sumqayıt" bizə qarşı heç nə edə bilmədi. Bu gün sona qədər mübarizə apardıq və layiqli qələbə qazandıq. Hətta 70-ci dəqiqədə hesabda geridə olarkən belə, qələbə qazanacağımıza əmin idim. Havanın küləkli olması isə rəqib kimi, bizə də təsir etdi".

Petrov turnir cədvəlində yenidən vahid liderliyi ələ keçirmələrinin həlledici olmadığını vurğulayıb: "Turnir cədvəlinə hələ baxmağa ehtiyac yoxdur. Hər oyun bizim üçün həlledicidir. Gələn tura da final gözü ilə baxırıq. "Neftçi" uzun müddətdir çempion ola bilmir. "Qarabağ" 5 ildir çempionluğu heç kimə vermir. Məqsədimiz buna son qoymaqdır".

Qarşılaşmanın 77-ci dəqiqəsində "Sumqayıt"ın qapıçısı Mehdi Cənnətov məhz "Neftçi"nin legioneri ilə insidentə görə qırmızı vərəqə alıb. 29 yaşlı oyunçu həmin epizodu belə şərh edib: "Mən həmin epizodda topa vurmaq istədim. O isə mənə qarşı kobudluq etdi. Orada hansısa simulyasiya yox idi. Ukraynada bizə belə öyrətməyiblər. Həmin anda bizi yalnız qol vurmaq maraqlandırırdı".

Petrov bugünkü qarşılaşmada "Neftçi"nin hər iki qolunu müdafiəçilərin vurmasına da münasibət bildirib: "Meydanda hamımız birik. Qolu qapıçı və ya meydan oyunçusunun vurmasının elə bir fərqi yoxdur. Qalib gələndə hamımız sevinir, məğlub olanda isə üzülürük. Mboc, demək olar ki, həm öz qapımıza, həm də rəqib qapısına qol vurdu. Bu gün səhvini yudu".

Son xəbərlər

Orphus sistemi