"Keşlə"nin futbolçusu: "Qarabağ"a çatmaq çətin olacaq"

"Keşlə"nin futbolçusu: "Qarabağ"a çatmaq çətin olacaq" Uduzsaq, faciə olardı. Ancaq oyuna qədər bizə desəydilər ki, Neftçi ilə heç-heçə edəcəyik - bu nəticə bizi qane edərdi.
Futbol
22 Sentyabr , 2019 22:08
Keşlənin futbolçusu: Qarabağa çatmaq çətin olacaq

"Uduzsaq, faciə olardı. Ancaq oyuna qədər bizə desəydilər ki, "Neftçi" ilə heç-heçə edəcəyik - bu nəticə bizi qane edərdi".

"Report" xəbər verir ki, bunları "Keşlə"nin futbolçusu Ruslan Qurbanov Premyer Liqanın V turunda səfərdə "Neftçi" ilə qolsuz bərabərlikdən sonra deyib.

İyirmi səkkiz yaşlı hücumçunun sözlərinə görə, "Neftçi" güclü rəqibdir: 

- Sadəcə, bu komandanın üzərində təzyiq var. Onlar qalib gəlmək istəyirlər. "Qarabağ" istisna olmaqla, "Neftçi" bütün matçlarda favorit olur. Biz də yaxşı oynadıq, ancaq hardasa bəxtimiz gətirmədi. Rəqib də fərqlənə bilərdi. Əsas odur ki, 1 xal qazandıq. Bu 1 xal sonra bizə lazım olacaq".

- Xeyli qol imkanınız olsa da, reallaşdıra bilmədiniz. Problem nədədir?

- Bəxtimiz gətirmədi. Çox çalışmalıyıq. Belə də edəcəyik. Yəqin bu gün bizim günümüz deyildi. Ona görə də qol vura bilmədik. Hərçənd "Qarabağ" istisna olmaqla, bütün komandalara qol vurmuşuq. Müdafiədə gözləyib, "Neftçi"ni əks-hücumlarda tutmaq istəyirdik. Ancaq alınmadı. Yaxşı ki, rəqib oyunçu ilk yarıda qırmızı vərəqə aldı. Bundan sonra bir qədər asan oldu.

- Əvəzlənməyinizi özünüz istədiniz. Zədə ciddidir?

- Bəli, yüngül zədə aldım. Mənim topuğumda zədə var. Təmas oldu, yenə ağrı yarandı.

- Artıq indidən "Qarabağ"ın çempion olacağını demək olar?

- "Qarabağ" sabah "Zirə"yə qalib gəlsə, "Neftçi" ilə aradakı fərq 10 xala yüksələcək. "Qarabağ" çatmaq çətin olacaq. Çünki onlar sabit çıxış edir, tələsmirlər. Birini vururlar, vəssalam, nəticəni düşünürlər.

İndidən "Qarabağ"ın çempion olduğunu deməzdim. Futbolda hər şey mümkündür. Bəlkə kimsə onlarla mübarizə aparacaq. "Neftçi" və ya "Zirə" olsun. Bütün rəqiblərə hörmətlə yanaşırıq. Hamısına uğurlar arzu edirəm.

- "Neftçi"nin sabiq futbolçusu kimi komandanın qeyri-sabit çıxışının səbəbini nədə görürsünüz?

- "Neftçi" Avropa Liqasında Rusiya "Arsenal"ın qarşı ən yaxşı oyunlarını göstərdi. Ancaq daha sonra İsrail komandasına uduzdular. Ola bilər ki, ondan sonra psixoloji problem oldu. "Neftçi"nin futbolçularını, rəhbərliyi tanıyıram. Onlar bütün matçlara qələbə istəyi ilə çıxırlar. Ona görə də qol vurmağa tələsirlər. Komanda hazırda "qara zolaq"dadır. İki oyunda qalib gəlsələr, hər şey qaydasına düşəcək. Onların yaxşı heyəti, futbolçuları var.

Son xəbərlər

Orphus sistemi