"Keşlə"nin baş məşqçisi: "Qaydalar hamı üçün eynidir"

"Keşlə"nin baş məşqçisi: "Qaydalar hamı üçün eynidir" Bakı. 26 avqust. REPORT.AZ/ Keşlə”nin baş məşqçisi Mladen Milinkoviç Azərbaycan Premyer Liqasının III turunda Səbail”ə evdə 1:2 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransı keçirib.
Futbol
26 Avqust , 2018 20:55
Keşlənin baş məşqçisi: Qaydalar hamı üçün eynidir

Bakı. 26 avqust. REPORT.AZ/ "Keşlə”nin baş məşqçisi Mladen Milinkoviç Azərbaycan Premyer Liqasının III turunda "Səbail”ə evdə 1:2 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransı keçirib.

“Report” xəbər verir ki, serbiyalı mütəxəssis əvvəlcə matçı dəyərləndirib:

"Təbii ki, evdə uduzmaq bizim üçün yaxşı hal deyil. Səhvlərimiz oldu. Bu, yeniyetmə yox, peşəkar komadadır. Buraxdıqlarımız uşaq səhvləri idi. Hesabda 0:1 geri düşmək komanda üzvlərinə pis təsir etdi və çalışdılar ki, bərabərliyə imza atsınlar. Ancaq bu zaman etdiyimiz səhvlər də çox oldu. İkinci hissənin əvvəlində buraxdığımız 2-ci qol bizi daha çətinə saldı. Düzdür, penaltidən vurduğumuz qol bizə ümid yaratdı. Ancaq oyunun gedişatını xeyrimizə dəyişə bilmədik. "Səbail” çox ağıllı, sürətli futbol oynadı və səhvlərimizdən yaxşı yararlanması nəticəsində 3 xalı qazandı. Təbii ki, mənim üçün də, komanda üçün də yaxşı vəziyyət deyil. Ümid edirəm ki, milli komandanın oyunları ilə əlaqədar yaranmış uzunmüddətli fasilə daha yaxşı hazılaşmağımıza imkan yaradacaq və qələbələr qazanacağıq".

O, daha sonra jurnalistlərin suallarını cavablandırıb:

"Keşlə” üçün təqvim çox yaxşı idi. 3 oyuna 9 xal toplamaq olardı. Bundan sonra favorit "Neftçi" ilə görüşəcəksiniz. Hansı yaxşı nəticəyə ümid edirsiniz?

- Komandalar kağız üzərində zəif ola bilərlər. Premyer Liqada hamı bir-birini uda bilənlərdir. Yalnız "Qarabağ”ı fərqləndirərdim. Onlarda yüksək keyfiyyətli futbolçular var. Digərlərinin eyni səviyyədə olması qənaətindəyəm. Bizim də müəyyən istiqamətimiz var. Biz də 3 xalı qazanmaq istəyirik. Son məğlubiyyət gözlənilməz oldu. Ona görə bizə pis təsir etdi.

Hesab etmirsiniz ki, Sezar Meza Kollinin gedişindən sonra xeyli zəifləyən "Keşlə”yə məhz onun mövqeyinə oyun qurucusu lazımdır?

- Sualınız mənə tam aydın oldu və haqlısınız. "Keşlə”yə oyun qurucusu lazımdır və belə oyunçu axtarırıq. Meydanda pleymeyker olmalıdır. Komandaya 20-25 metr ötürmə verən, topa nəzarət edən futbolçu lazımdır. Bunlar çatışmayan cəhətimizdir.

Kapitanınız - qapıçı Kamran Ağayev son saniyələrdə əlcəklərini kənara atdı. Onun bu hərəkətini necə dəyərləndirərdiniz?

- Təbii ki, son dəqiqələrdə hamı qapıya doğru gedərək bərabərlik qoluna öz töhfəsini vermək haqda düşünürdü. Bu zaman bəzən qaydaları müəyyən mənada pozursan. Ancaq qaydalar hamı üçün eynidir. Kamranın hərəkətinə bəraət qazandıra bilərəm. Onun bu addımını əsəbiliklə əlaqələndirərdim.

Son xəbərlər

Orphus sistemi