"Keşlə" rəhbərliyi "Kəpəz"lə matç üçün mükafat ayırıb

"Keşlə" rəhbərliyi "Kəpəz"lə matç üçün mükafat ayırıb Sənan Qurbanov: "Komandada yeni olsam da, bilirəm ki, maliyyə sıxıntısı yoxdur. Həm maaş, həm də mükafatlar ödənilir"
Futbol
2 Fevral , 2021 13:14
Keşlə rəhbərliyi Kəpəzlə matç üçün mükafat ayırıb

"Kəpəz"in "Sabah"la oyununu analiz etmişik. Futbolçular da gördülər ki, rəqib I Divizion təmsilçisi olmasına baxmayaraq, meydanda həm topla, həm də topsuz çox gözəl təsir bağışlayır. İstər hücumda, istərsə də müdafiədə inamlı görünürlər".

Bu fikirləri "Report"a açıqlamasında "Keşlə"nin baş məşqçisi Sənan Qurbanov "Kəpəz"lə evdə keçirəcəkləri Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunu barədə danışarkən deyib.

41 yaşlı mütəxəssis bildirib ki, Gəncə təmsilçisinin aşağı dəstədə oynaması komandasında arxayınlıq yaratmır: "Futbolçular arasında səviyyə fərqi ola bilər. Amma komandaya çevriləndə artıq müəyyən nəticəyə gətirib çıxarır. "Kəpəz" çox ciddi rəqibdir. Biz də oyuna buna uyğun hazırlaşmışıq".

Qurbanov istənilən nəticəyə hazır olduqlarını söyləyib: "Futbol elədir ki, hər an hər şey baş verə bilər. Amma bacardığımız qədər qələbə qazanmağa çalışacağıq. Nəticə yaxşı olsa, növbəti görüşlərə də yüksək əhval-ruhiyyədə hazırlaşa bilərik".

Bir müddətdir "Keşlə"də maliyyə probleminin olması ilə bağlı xəbərlər dolaşır. Məlumatı təkzib edən baş məşqçi hər şeyin qaydasında olduğunu vurğulayıb: "Heç bir şikayət yoxdur. Komandada yeni olsam da, bilirəm ki, maliyyə sıxıntısı yoxdur. Həm maaş, həm də mükafatlar ödənilir. Hər bir qarşılaşma, o cümlədən, "Kəpəz"lə matç üçün mükafat var. Bu da müsbət haldır".

Qeyd edək ki, bu gün "ASK Arena"da oynanılacaq "Keşlə" - "Kəpəz" qarşılaşması saat 16:00-da start götürəcək.

Son xəbərlər

Orphus sistemi