"Keşlə"nin baş məşqçisi: "Futbolçuların sağlamlığı oyundan daha vacibdir"

"Keşlə"nin baş məşqçisi: "Futbolçuların sağlamlığı oyundan daha vacibdir" Bakı. 23 sentyabr. REPORT.AZ/ Keşlənin baş məşqçisi Mladen Milinkoviç Azərbaycan Premyer Liqasının V turunda Sumqayıta evdə 1:2 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransı keçirib.
Futbol
23 Sentyabr , 2018 21:53
Keşlənin baş məşqçisi: Futbolçuların sağlamlığı oyundan daha vacibdir

Bakı. 23 sentyabr. REPORT.AZ/ "Keşlə"nin baş məşqçisi Mladen Milinkoviç Azərbaycan Premyer Liqasının V turunda "Sumqayıt"a evdə 1:2 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransı keçirib.

"Report" xəbər verir ki, serbiyalı mütəxəssis əvvəlcə qarşılaşmanı qiymətləndirib:

- Bu gün "Sumqayıt" daha yaxşı oynadı və qələbə qazandı. Bu münasibətlə rəqibi təbrik edirəm. Bizə gəlincə, problemlərimiz vardı və bu gün daha da artdı. Bir həftə əvvəl "Neftçi"yə 0:2 hesabı ilə uduzsaq da, yaxşı oynadıq. Bu dəfə isə oyuna görə məğlubiyyətə layiq idik. Matçdan əvvəl futbolularımıza dedim ki, qalib gəlmək lazımdır. Oyunun ilk hissəsində əsəbilik, gərginlik vardı. Bunu qarşılaşmada hiss etdik. Çox olmasa da, uğurlu çıxış etdik və fasiləyədək qol vuraraq 1:0 hesabı ilə irəli çıxdıq. Lakin ikinci hissənin ilk dəqiqələrində vurulan qol oyunun istiqamətini tamamilə dəyişdirdi və ortada çox boşluqlar verdik. Yaxşı ki rəqib qol vurmadı. Heç-heçə də edə bilərdik, ancaq şansımızı əldən verdik. Bu, bizim üçün heç də yaxşı hal deyil. Oyunun sonunda iki futbolçu toqquşdu. Ancaq başa düşmədim ki, niyə baş hakim oyunu dayandırmadı? Futbolçuların sağlamlığı oyundan daha vacibdir.

- Zaur Axundovun rəhbərliyi dövründə "Keşlə"də çalışan 4-cü baş məşqçisiniz. İşinizə necə qiymət verirsiniz: Klub rəhbəri olsaydınız, belə nəticəsi olan baş məşqçini istefaya göndərərdiniz?

- "Keşlə" kifayət qədər böyük klubdur. Onun hazırkı nəticələri ürəkaçan deyil. Bilirəm ki, buna baş məşqçi məsuliyyət daşıyır. Təbii, Axundovla danışacağıq, görək necə olur. Bu futboldur, hər şey olur. Normal qarşılaşmaq lazımdır. Təbii ki, görünən mənzərə xoş deyil. İstəyirik, vəziyyəti yaxşılığa doğru dəyişək. Bunun üçün çalışırıq.

- Artıq 5 oyundur Andre Klennona start heyətində şans verirsiniz, lakin o, cəmi 1 qol vura bilib. Daha çox qol imkanlarını sağa-sola xərcləyir. Niyə Bahodir Nasimov, Amil Yunanova ilk dəqiqələrdən şans vermirsiniz?

- Klennonu, ümumiyyətlə, futbolçuları çox dəyişməyi sevmirəm. Çünki oyun sisteminə öz təsirini göstərir. Əlbəttə, Klennon "Neftçi" ilə matçda da, indi də qol vəziyyətlərini əldən verdi. Bu dəfə üstəlik, qırmızı vərəqə aldı, deməli, növbəti turda oynamayacaq. 5 oyuna 1 qol vuran hücumçunu dəyişməyi düşünürdüm. Klennon oynamayandan sonra mütləq başqa hücumçumuz start heyətdə yer almalıdır.

- Əfran İsmayılovun cinahında niyə boşluq var idi?

- Əfranın "Qarabağ"da ikən oyununu görmüşdüm. Kifayət qədər cəld futbolçudur, onu bağlamalı idilər. Bunu futbolçularımıza tapşırmışdım, öhdəsindən gələ bilmədilər. Nəticədə Əfran əvvəl məhsuldar ötürmə verdi, sonra özü fərqləndi.

Son xəbərlər

Orphus sistemi