“Kəpəz” qış fasiləsində 2 futbolçu transfer etmək istəyir.
Bu barədə “Report”a Gəncə klubunun İdarə Heyətinin sədri İlqar Nadiri məlumat verib.
Klub rəsmisi bildirib ki, bunun üçün maliyyə dəstəyinə ehtiyacları var: “Mövsümün startında və gedişində büdcədə nəzərdə tutulandan artıq oyunçular gətirdik. Müəyyən qədər riskə əl atmışdıq. Bu da rəqabətdən asılı idi. Qış fasiləsində də heyətə 2 yeni oyunçu cəlb etməyi planlaşdırırıq. Ancaq bunun alınıb-alınmayacağını zaman göstərəcək. Düzdür, maliyyə durumumuz buna imkan vermir. Lakin komandanı dəstəkləmək üçün bu addımı atmalıyıq. Ümid edirik ki, bu prosesdə hansısa iş adamı və ya sponsor bizə kömək edəcək”.
Qeyd edək ki, “Kəpəz” Azərbaycan Premyer Liqasında mövsümün ilk yarısından sonra 14 xalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb. Komanda ikinci yarıda ilk oyununu XIX tur çərçivəsində “Turan Tovuz”a qarşı keçirəcək. Həmin turun görüşləri 2024-cü il fevralın 21-23-də baş tutacaq.