"Kəpəz"in "Səbail"lə keçirəcəyi oyunun yeri dəyişdiriləcək

"Kəpəz"in "Səbail"lə keçirəcəyi oyunun yeri dəyişdiriləcək Bununla bağlı iki klub arasında razılıq əldə edilib
Futbol
18 Sentyabr , 2017 17:50
Kəpəzin Səbaillə keçirəcəyi oyunun yeri dəyişdiriləcək

Bakı. 18 sentyabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasının VI turunda "Kəpəz"in "Səbail" komandası ilə keçirəcəyi oyunun yeri dəyişdiriləcək. Gəncə klubunun mətbuat xidmətindən "Report"a verilən məlumata görə, görüş sentyabrın 23-də Bakının Mərdəkan qəsəbəsindəki "Dalğa Arena"da təşkil olunacaq.

Artıq bununla bağlı iki klub arasında razılıq əldə edilib və Peşəkar Futbol Liqasına (PFL) yerdəyişmə xahişi ilə müraciət ünvanlanıb. Müraciətin PFL tərəfindən müsbət cavablandırılacağı gözlənilir.

Təqvimə əsasən, "Səbail"lə oyunda "Kəpəz" ev sahibi qismində çıxış etməli idi. Amma hazırda Gəncə şəhər stadionunun ot örtüyündə yenilənmə işləri aparıldığından, Şahin Diniyevin baş məşqçi olduğu komanda rəqibləri ilə fərqli arenalarda qarşılaşır. Premyer Liqanın II turunda "Zirə" ilə görüş Yevlax şəhər stadionunda təşkil edilib. Lakin həmin meydanın ot örtüyünün vəziyyəti qənaətbəxş olmadığı üçün "Kəpəz"in IV turda "İnter"lə oyununun yeri dəyişdirilib. Nəticədə "İnter Arena"da paytaxt təmsilçisi ev sahibi qismində çıxış edib. Əvəzində II dövrənin oyununda təşkilatçı komanda "Kəpəz" olacaq. "Səbail"lə bağlı məsələnin də eyni qaydada həllini tapacağı güman olunur.

Qeyd edək ki, Gəncə Şəhər Stadionunun gələn ay istifadəyə veriləcəyi gözlənilir.

Son xəbərlər

Orphus sistemi